Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov RF-in Bakıdakı səfirliyinə müraciət edərək Bakı 1 saylı təcridxanasında saxlanılan atası ilə görüşünün təşkilinə yardın göstərilməsini xahiş edib.
S.Rüstəmovun KİV-ə göndərdiyi bəyanatda deyilir k, RF vətəndaşı olan Sezgin Rüstəmov həbsdə olan atası ilə görüşmək üçün Bakıya gəlib.
Sentyabrın 12-də kömək üçün Rusiya səfirliyinə müraciət edib. Atasının nədə ittiham olunması ilə maraqlanıblar və yardım göstərəcəklərini vəd ediblər. Lakin sonradan ona deyiblər ki, heç bir köməklik edə bilməyəcəklər, çünki Saleh Rüstəmovun "qadağan edilmiş" təşkilatla əlaqəsi var.
"Bizə dedilər ki, əgər iş narkotik maddə və ya hər hansı kriminal cinayətlə bağlı olsaydı, kömək etmək olardı. Lakin Xalq Cəbhəsi Partiyası ilə əlaqələrə görə kömək edə bilməyəcəkər", - S.Rüstəmov qeyd edib.
Turan agentliyinin bununla bağlı sorğusuna cavab olaraq RF-in Bakıdakı səfirliyindən sorğunun yazılı şəkildə göndərilməsini istəyiblər.
Xatırladaq ki, Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli bu ilin mayında narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunublar. Lakin mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə həbs olunduğunu bildirib. Onlar AXCP-nin qanunsuz maliyyələşdirilməsində ittiham olunublar.
Həbs olunanlara qarşı qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və digər itihamlar irəli sürülüb.
AXCP qanunsuz maliyyələşmənin əldə edilməsi ittihamını rədd edib. Bu iş üzrə həbs olunanlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıblar.