Siyasi məhbus, AXCP fəalı Orxan Baxışlının anası Kəmalə Rəhimli daxili işlər naziri Ramil Usubova müraciət edib. Feysbuk hesabında yaydığı müraciətdə o, yazır:
“Cənab Ramil Usubov! İyun ayının 6-sı dövlət başçısı İlham Əliyevə, Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, baş prokuror Zakir Qaralova, DİN-in təhqiqat və İstintaq şöbəsinin rəisi Emin Usubova, Yasamal rayon prokuroru Rasim Hacıyevə, Yasamal rayon polis şöbəsinin rəisi İsfəndiyar Mehbalayevə, səfirliklərə oğlum Orxanın Bakı Baş polis İdarəsinin əməkdaşları Şirəli Babayev, Elvin Kazimov, 28-ci polis bölməsinin əməkdaşları Namiq Məcidov, Nəsimi İsmayilov tərəfindən şərlənərək tutulması ilə bağlı müraciət etmişdim. Sizə yenə də müraciət edirəm.
Ola bilsin əvvəllər polis işçilərinin günahsız insanlari şərləyərək tutmasına inanmazdınız. Sizin nəvənizin Göyçayda başına polislər tərəfindən şərlənmə olayı gəlməsəydi. Polislər nəvənizin bahalı maşınına narkotik atdılar. Orxanın nəinki bahalı, heç ucuz maşını da olmadığı üçün narkotiki cibinə atdılar. Nəvəniz on min verib canını işverən polislərin əlindən qurtarmaq istədi. Az qala polislər tərəfindən narkobaron düzəldilən Orxanınsa cibindən 80 qəpik çıxdı. Nəvəniz babası nazir olduğu üçün bu şoudan yaxa qurtara bildi. Orxanınsa babası nazir olmadığı üçün bu gün məhkəmə prosesində yalandan üzədurmalar, şou davam edir.
Cənab nazir! Orxanın narkotiklə heç bir əlaqəsi yoxdur. O, siqaret belə çəkmir. Tələbədir, dinli-imanlı, namaz qılan gəncdir. Orxan ictimai-siyasi fəaliyyətinə görə tutulub. Hələ 2017 -ci ilin sentyabrında yoldaşım Baxışov Rafiqi Cəlilabad rayon polis şöbəsinin rəisi yanına çağırmış, Orxan fəaliyyətindən uzaqlaşmasa tutulacağını bildirmişdi. Onda bu haqda ictimaiyyətə xəbər də verilmişdi. Şəki polis əməkdaşı anamgilə gedib, belə bir məlumatı anama da vermişdi. Orxan bu hadisədən 6 ay sonra şərləndi. Deməli, Orxan narkotikə görə yox, fəaliyyəti ilə bağlı tutulur. Buna o vaxtdan hazırlıq görülürmüş.
Cənab İlham Əliyev çıxışlarında söyləyir ki, biz demokratik ölkəyik, bizdə söz azadlığı, mətbuat azadlığı var. Heç kəs dediyi sözə, siyasi baxışına görə saxlanıla, məsuliyyətə cəlb oluna bilməz. Bunu cənab prezident Almaniya kansleri Angela Merkellə görüşündə də vurğulayıb. Elə isə Orxan deyil, onun üzünə duraraq yalandan ifadələr verən, dövlətimizə, dövletçiliyimizə ləkə gətirən, yalandan and içən Şirəli Babayev kimi polis işçiləri tutulub məsuliyyətə cəlb olunmalıdırlar. Xalqda “Mənim polisim məni şərləyir!” fikri deyil, “Mənim polisim məni qoruyur!” fikri formalaşmalıdır.
Cənab nazir! Orxan günahsızdır. Onun məhkəmə zalından azad olmasını tələb edirəm!