Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı üç illik həbs cəzası başa çatdığı gün yeni ittiham irəli sürülüb. Bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.
2 gün əvvəl M.İbrahim guya yastığının altında bıçaq tapıldığına görə karserə salınıb. M.İbrahim etiraz əlaməti olaraq aclığa başlayıb. Amma sentyabrın 28-də cəzaçəkmə müəssisəsinin rəisi M.İbrahimin oğlunu qəbul edib və atasının sentyabrın 29-da azad ediləcəyinə inandırıb.
Səhər ailə üzvləri və partiya yoldaşları M.İbrahimi qarşılamaq üçün gəldikdə onlara bildiriblər ki, o, Kürdəxanı istintaq təcridxanasına aparılıb. Bunun səbəbi açıqlanmayıb.
Sonradan fəalın oğluna bildiriblər ki, M.İbrahimə qarşı CM-in 317-2.1-ci maddəsi ilə (penitensiar müəssisədə qadağan edilmiş əşyanın saxlanması) ittiham irəli sürülüb. Bu maddə ilə onu 6 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə M.İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Həbsxana rəhbərliyinin xaincəsinə davranışından narazı olan AXCP tərəfdarları cəzaçəkmə müəssisəsi qarşısında "Azadlıq, Azadlıq!" şüarları ilə etiraz aksiyası keçiriblər.
Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və sonradan CM-in 221.2.2-ci maddəsi ilə (xuliqanlıq, polisə müqavimət göstərməklə törədildikdə) 3 il müddətinə azadlıqdan həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.