Hacıbaba Əzimov
"Bakı şəhərini bürüyən qatı toz dumanının səbəb və mənbəyini xalqdan və dövlətdən gizlədir, görünməmiş həyasızlıqla xalqı ələ salaraq toz dumanının Türkmənistandan gəldiyi haqqında yalan məlumatlar yayırlar"
Vətənsevər, milli dəyər, milli qeyrət sahibi olan dostlar, Sizi həyəcan təbili çalmağa, SOS siqnalları yaymağa səbəb olmuş faciəvi hallara və faktlara münasibət bildirməyə çağırıram!
Uzun illərdir ki, Bakı əhalisinə qarşı əsl ekoloji genosid aktı həyata keçirilir. Belə ki, cinayətkar zümrəyə məxsus daş karxana təsərrüfatları Bakının Xəzər sahili ətraf ərazilərindəki minlərlə hektar istrahət, kurort məkanları olan dövlət torpaqlarını qeyri-qanuni yollarla “işğal” (zəbt) edərək həmin ərazilərin həm daş, həm də münbit torpaq qatını vəhşiliklə dağıdıb satır, torpaq sahələrini ekoloji fəlakət zonasına çevirirlər. Məhz bu daş karxanalarının qanunsuz və dağıdıcı fəaliyyəti nəticəsində həmin yerlərdə yaranmış saysız-hesabsız toz təpələri tez-tez baş verən güclü şimal küləkləri zamanı bütün Bakı şəhərini və Abşeron yarımadasını sıx zəhərli toz dumanına bürüyür, ətraf mühiti kəskin şəkildə çirkləndirir. Bakı əhalisi arasında vərəm və xərçəng xəstəliklərinin ildən-ilə sürətlə artması da məhz havanın kəskin dərəcədə çirklənməsinin nəticəsidir. Ölkənin paytaxtında baş verən və dünyada analoqu olmayan bu cinayət hadisəsi əslində xalqa qarşı “məxməri terror”, bir növ GENOSİD AKTIDIR.
Təbiətə və insanların sağlamlığına qarşı yönəldilmiş bu vəhşiliklərin əsas günahkarı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Həmin Nazirliyin yüksək vəzifəli şəxsləri şəxsi maraqlarından çıxış edərək Bakının cənnət təbiətini və unikal torpaqlarını məhv edən cinayətkarları müdafiə edir, Bakı şəhərini tez-tez, o cümlədən iyul ayının 25-26-da, avqustun 10-da və 29-31-də bürüyən qatı toz dumanının səbəb və mənbəyini xalqdan və dövlətdən gizlədir, görünməmiş həyasızlıqla xalqı ələ salaraq toz dumanının Türkmənistandan gəldiyi haqqında yalan məlumatlar yayırlar. Bu həyasız yalanları təkcə belə bir təkzibedilməz fakt da sübut edir ki, məhz güclü şimal küləyi əsəndə Bakını və Abşeronu toz dumanı bürüyür. Türkmənistan isə Bakıdan şimalda deyil, cənub-şərqdə yerləşir və həm də əgər toz dumanı oradan gələrdisə, onda Sumqayıtı və başqa şəhərləri də bürüyərdi.
Bundan başqa həmin karxanaların qanunsuz və cinayətkar fəaliyyəti barəsində yüksək dövlət orqanlarına ünvanlanan və müəmmalı şəkildə əsasən günahkar Ekologiya Nazirliyinə göndərilən şikayətlər də orada “dəfn” edilir. Halbuki, təbiətə və insan sağlamlığına sağalmaz yaralar vuran daş karxanaları tamamilə qanunsuz fəaliyyət göstərirlər. Belə ki, Torpaq Məcəlləsinin 65 - 68-ci maddələrinin, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli, 1 saylı Qərarının 1.5 bəndinin tələblərinə görə, daş karxana təsərrüfatları fəaliyyət göstərə bilmək üçün torpağın sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti ilə (və ya yerli bələdiyyələrlə) təbii resurslardan istifadəyə dair müqavilə (kontrakt) bağlamalı, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq ayrılmasına dair rəy almalı, sonra torpaqdan istifadəyə dair hüquqlar əldə etmək üçün məcburi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmalıdır. Göstərilən bu tələblər və şərtlərə dair müvafiq sənədlər mövcud olduğu təqdirdə Ekologiya Nazirliyi fəaliyyət göstərmək üçün daş karxanalarına “Dağ-Mədən Ayırma Aktı” deyilən sənəd verməlidir. Lakin həmin karxanalar göstərilən hüquq müəyyənedici sənədlərə malik olmadıqlarına baxmayaraq, Ekologiya Nazirliyinin aidiyyəti üzrə vəzifəli şəxsləri qanunvericiliyin tələb və şərtlərini bilə-bilə kobud şəkildə pozaraq daş karxanalarına hüquqi qüvvəsi olmayan, saxta Dağ-Mədən Ayırma Aktları vermiş və bununla da həmin karxanaların cinayət əməllərinin iştirakçısına çevrilmişlər.
Belə bir şəraitdə karxana təsərrüfatları Azərbaycan Respublikası Konstitusiyasının 39-cu və 41-ci maddələrinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin, Torpaq Məcəlləsinin 65, 66, 67, 68-ci maddələrinin, “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinin, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı, 15-ci, 41-ci, 59.2.-ci maddələrinin, “Yerin təki haqqında” Qanunun 9-cu, 11-ci, 18-ci, 21 və 22-ci maddələrinin, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli, 1 saylı Qərarının, “2015-2035-ci illər üçün Bakı şəhəri ərazisindən istifadə və zonalaşdırma Dövlət Planı”nın tələblərini, norma və prinsiplərini kobud şəkildə pozurlar.
Bütün bunların nəticəsində karxana təsərrüfatları minlərlə hektar torpaq sahələrini zəbt və məhv etmiş, həmin əraziləri ekoloji fəlakət zonasına çevirmiş, Bakı şəhərinin ekoloji mühitini kəskin şəkildə çirkləndirmişlər ki, bütün bunlar da təbiətə və insan həyatına təhlükə yaradan cinayət əməlləridir. Aparılan araşdırmalar, faktlar və hüquq normaları sübut edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti üzrə digər dövlət orqanlarının vəzifəli şəxsləri, məhkəmə sədrləri, hakimləri müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını tanımır, açıq şəkildə öz şəxsi maraqları naminə bilə-bilə daş karxana təsərrüfatlarının cinayət əməllərinin iştirakçılarına çevrilərək təbiətə və əhalinin həyatına qarşı ekoloji genosid aktı həyata keçirirlər.
Göründüyü kimi, həqiqətən də dünyada analoqu olmayan ölkədə yaşayırıq. Azərbaycan ictimaiyyəti, o cümlədən siyasətçilər, qeyri-hökumət təşkilatları, müstəqil jurnalistlər və ziyalılar nədənsə xalqımızın bu taleyüklü probleminə çox biganə yanaşırlar. Görəsən Avropanın hər hansı digər ölkəsində təbiətə və ekologiyaya qarşı belə vəhşiliklər baş verə bilərdimi və ya bu cinayət hallarına ictimaiyyət seyrçi və biganə qala bilərdimi? Bu suallara yalnız və yalnız “qətiyyən yox” cavabı verilə bilər! BƏS NİYƏ BİZ SUSURUQ, BAŞ VERƏN FACİƏLƏRİ "GÖRMÜRÜK"? NİYƏ HƏYƏCAN TƏBİLİ ÇALMIRIQ?
Bilin ki, dəyərli dostlar, biz öz susqunluğumuzla və biganəliyimizlə həm öz həyatımıza, həm də Vətənimizə, indiki və gələcək nəsillərimizə xəyanət etmiş oluruq. Halbuki, Vətənimizin təbiətini və ekologiyasını qorumaq hər kəsin müqəddəs övladlıq borcudur və bunu Azərbaycan xalqının ali mənafeyi tələb edir!