Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının və DAK-ın üzvləri Türk Şəhidliyini ziyarət edib. Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 100 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub. Partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, bakının işğal altında olduğu, Gəncənin müvəqqəti olaraq paytaxt seçildiyi məqamda Məmməd Əmin Rəsulzadənin Türkiyədən hərbi yardım xahişi, Ənvər Paşanın öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun rəhbəri təyin etməsi və Bakını xilas etmək üçün göndərməsi haqda danışıq. S.Rüstəmxanlı Qafqaz İslam Ordusunun Bakıya gələnə qədər bir çox rayonda erməni-daşnak qüvvələrini məhv etməsi, azərbaycanlılara qarşı aparılan soyqırımın qarşısını alması, Bakının mühasirəsi və tarixi abidələrin, strateji obyektlərin qorunması üçün son dərəcə mükəmməl hücum əməliyyatı hazırlanması barədə tarixi məlumatları xatırladıb. Natiq qeyd edib ki, 15 sentyabr Azərbaycanın tarixində şərəf səhifələrindən biridir və bu şərəfli səhifəni Nuru Paşanın başçılığı ilə türk əsgərləri azərbaycanlılarla birgə yazıb. Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir: “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.