Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 10-da araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib.
Şikayət jurnalistin 2012-ci ildə videogörüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilmişdi.
Xədicə İsmayıl 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edilib. Ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilirdi. 2013-cü ildə daha iki şantaj videosu internet vasitəsilə yayılıb.
Məhkəmə Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Məhkəmə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) maddə üzrə şikayəti araşdırmağa ehtiyac görməyib.
Bununla da məhkəmə jurnalistə, mənəvi zərərə görə 15 min avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib.
Jurnalist Xədicə İsmayıl Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinin qərarının birinci üstün tərəfi Azərbaycan hökumətinin şəxsi həyata müdaxiləsi günahını və bunun məhz onu susdurmaq üçün edildiyinin də tanınmasıdır:
“Avropa Məhkəməsinin qərarından belə çıxır ki, hökumət mənim 8-ci maddə ilə təmin olunan hüquqlarımı pozub. Bunu həm şəxsi həyata müdaxilə ilə, həm bu hadisəni araşdırmamaqla, həm də prokurorluğun haqqımda daha açıq məlumat yaymaqla. Bütün bunlar da 10-cu maddənin, söz azadlığımı pozmaqdan ötrü həyata keçirilib, məqsəd məni susdurmaq olub”.
X.İsmayıl kompensasiyanın məbləği ilə bağlı ciddi iradının olmadığını deyib:
“Məqsəd pul qazanmaq deyil. Bəli, məsələni daha ciddi şəkildə sənədləşdirmək olardı. Mən bu olayın yayılması səbəbindən sağlamlıq və mənəvi iztirablar yaşamışam. Amma bu məsələlər barədə şikayət etməyi sevmədiyim üçün hökumətə qarşı ciddi iddialar qaldırmadım. Çünki zəif insan olmadığım üçün bu mövqedən də yanaşmadım”.
Jurnalist qərarın əskik tərəfinə də toxunub:
“Mən istərdim ki, qərarda açıq mətnlə Azərbaycan hökumətinin ədaləti bərpa etmək üçün hansı addımlar atmalı olduğu göstərilsin. Təəssüf ki, qərarda bu və daha kəskin dil yoxdur. Əslində, Avropa Məhkəməsi ilə bağlı aktlarda belə nəzərdə tutulur ki, əgər pozuntu tanınırsa, hökumət pozuntunun aradan qaldırılması üçün özü addımlar atmalıdır. Bu, hökumətin pozitiv öhdəliyidir. Görünür, Avropa Məhkəməsi rəsmi Bakının öhdəliklərinə daha ciddi yanaşacağını güman edir. Ancaq indiyə qədər hökumət pozitiv öhdəliyinə ciddiyyət nümayiş etdirməyib”.
Avropa Məhkəməsinin qərarı tam icra olunmasa sualına gəlincə, jurnalist deyib ki, o, yenə də hüququ addımları atacaq və üç ay bitəndən sonra Avropa Məhkəməsinin qərarını əsas götürüb hökumətdən konkret addlmlar tələb edəcək:
“Bu illərdə vəkilim Yalçın İmanov Bakı Şəhər Prokurorluğuna istintaqla tanış olmaq üçün dəfələrlə sorğu göndərsə də, cavab ala bilməyib. İndi isə hökumətdən daha ciddi addımlar atması üçün əlimizdə Avropa Məhkəməsinin qərarı var. Hüquqi imkanlarımız buna imkan verəcək”.
X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.