İranda yaşayan azərbaycanlı fəallardan biri Abbas Lisani yanvarın 22-dən həbsxanada aclıq aksiyasına başlayıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib. O, qanunsuz həbsinə etiraz olaraq aclıq etdiyini söyləyib. Eyni zamanda, milli fəalın yemək vasitəsilə zəhərlənməkdən və ya başqa şəkildə sui-qəsdə uğramaqdan ehtiyatlandığı bildirilir.
Ərdəbil İnqilab Məhkəməsi A.Lisani haqqında ötən ay qiyabi hökm çıxarmışdı, o, 10 ay azadlıqdan məhrum edilmişdi. Milli fəal «qeyri-rəsmi və qanunsuz şəkildə» mobil telefonuna SMS göndərilməklə məhkəməyə çağrıldığından hökmün icrasına da müqavimət göstərəcəyini bəyan etmişdi. Az sonra A.Lisani küçədə saxlanılaraq həbs edilmişdi. O, girov müqabilinə sərbəst buraxılsa da, yanvarın 15-də yenidən məhkəmə qarşısına çıxmalı olub.
Ərdəbilli fəalın məhkəmə iclasında özünümüdafiə nitqini Azərbaycan türkcəsində təqdim etdiyi deyilir.
Yaxınlarının verdiyi məlumata görə, məhkəmə iclası bitdikdən sonra mülkigeyimli məmurlar fəalın binadan çıxmasına mane olaraq onun saxlandığını bildiriblər. A.Lisanini müşayiət edən fəalların sözlərinə görə, o, məhkəmə iclasından sonra ETTELAAT əməkdaşları tərəfindən prokurorluğa aparılıb və onu gözləməmələrini deyiblər.
Yaxınları milli fəalın saxlanma səbəbini öyrənə bilmədiklərini söyləyirlər.
A.Lisani hər il keçirilən Babək qalasına yürüş və milli fəal Həsən ağa Dəmirçinin dəfnində etdiyi çıxışları zamanı İran İslam Respublikasının əleyhinə çıxmaqda ittiham olunur.
Ötən il Babək qalasına yürüş zamanı onlarla insanın saxlanıldığı, az sonra əksəriyyətinin azadlığa çıxdığı deyilir. Onlardan iki nəfər - İbrahim Nuri və Cəfər Rüstəmi haqqında hökm verilib. İ.Nuri 18 ay, C.Rüstəmi 6 ay həbs cəzasına məhkum ediliblər. İbrahim həbsdən sonra İranın ucqar şəhərlərindən birinə 2 il sürgün olunacaq. Həm də hər iki məhkum ictimai-siyasi qruplara üzv olmaq, mediada çıxış etmək hüququndan məhrum ediliblər.