“Həbsxanalarda bir qrup fəalın keçirdiyi aclıq aksiyasının məqsədi hakimiyyətin siyasi məhbuslara qarşı repressiyalarına müqavimətin nümayişi idi”.
Bu barədə N!DA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu, gənc fəal İlkin Rüstəmzadənin bəyanatında deyilir.
"Biz konkret olaraq bloger Mehman Hüseynovun, özümüzün və ya kiminsə azadlığı üçün aclıq aksiyası keçirməmişdik. Məqsədimiz birlik göstərmək və hakimiyyətin siyasi məhbuslara qarşı repressiyalarına müqavimət göstərmək idi," Rüstəmzadə yazır.
O həmçinin siyasi məhbusların azad edilməsi tələbi ilə yeni mitinq keçirilməsi ideyasına münasibət bildirib.
"Şəxsən, mən siyasi məhbus olaraq siyasi məhbuslara azadlıq tələbilə təkrar aksiya keçirilməsinin və cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyiləm. Cəmiyyət öz enerjisini daha vacib və gərəkli məqsədlərə sərf etməyə saxlamalıdır," bəyanatda qeyd edilir.
"Xüsusən, cəmiyyətin gücü Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsi mümkünlüyünə qarşı mübarizə üçün birləşdirilməlidir," o bildirib.
Öz növbəsində, Penitensiar Xidmət məhbusların aclıq aksiyası ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Heç kim təcridxana və cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirməyib,” o qeyd edib.
Yanvarın 13-də 13 saylı cəzaçəkmə müəssisəsində İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlaması barədə yerli media inların bəyanatını yayıb.
Digər cəzaçəkmə müəssisələrində də siyasi məhbus hesab edilən - Qiyas İbrahimov, Fuad Əhmədli və Orxan Baxışlının da aksiyaya qoşulduğu bildirilib.
Yanvarın 23-də hakimiyyət bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verdikdən sonra aclıq aksiyası dayandırılıb.