Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov həbs olunma ehtimalının olduğunu yazıb.
Bu barədə partiya sədri sosial şəbəkədə məlumat yayıb. İ.Məmmədov bildirib ki, bu gün onu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə çağırıblar.
"Çağırış 19 yanvarda Milli Şuranın keçirəcəyi "Siyasi məhbuslara azadlıq" mitinqi ilə bağlı ola bilər. Zəng edib məni Probasiya Xidmətinə çağırdılar. Mənə səbəb olaraq, hansısa arayışla bağlı sualları olduqlarını bildirdilər. Orada saat 17:50-də kağız üzərində bildiriş verdilər ki, sabah saat 12:00-da yenidən Probasiya Xidmətinə gəlim".
Partiya sədri bildirib ki, onu həbs etməsələr, güman ki, axşama qədər orada saxlayacaqlar.
"Şərti azadlıqdayam və bu ədalətsiz "şərti" hökm əsasında onların ixtiyarları çatır ki, hətta icazəli mitinqə getməməyim üçün çəkindirici söhbət, saxlama həyata keçirsinlər. Amma bu, çəkindirici tədbirdir, yoxsa həbsdir, bunu bilmək olmur".
İlqar Məmmədov Milli Şuranın təşkil etdiyi 19 yanvar mitinqinə ReAl Partiyası da dəstək verəcəyini açıqlayıb və mitinqdə çıxış edəcəyini bildirib.