"Mehman Hüseynovun yenidən ittiham edilməsindən sonra aclıq etməsi bizi sarsıtdı. Həqiqəti deyənlərin belə amansız üsullarla cəzalandırılması Azərbaycanı dünyada çox pis göstərir".
Bu sözlər Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çehreqanlının Mehman Hüseynov və siyasi məhbuslarla bağlı yaydığı bəyanatında deyilir.
Hərəkat lideri Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, demokratiyanı bərpa etməyə çağırır. Onun sözlərinə görə, əks halda bütün azərbaycanlıların yeganə olan dövləti dünyada pis duruma düşəcək.
O bildirib ki, Quzey Azərbaycanda (Azərbaycan Respublikası) yaranmış vəziyyət ciddi narahatlıq doğurur.
"Biz azərbaycanlıların bir dövləti var və bu dövlətdə baş verənlər hamımızın daima diqqətindədir. Çox təəssüf ki, indi ölkədə ciddi insani böhran yaşanır. Artıq bütün demokratik dünya Azərbaycanda çoxlu sayda siyasi məhbusların olmasından danışır".
Bu, İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında siyasi məhbuslar kimi tanınan şəxslər, son günlər keçirilən aclıq aksiyası ilə bağlı ilk bəyanatıdır.
İranda yaşayan azərbaycanlıların sayı barədə rəsmi statistika aparılmayıb. Bir sıra elmi nəşrlərin məlumatına görə, İranda 30 milyondan çox azərbaycanlı yaşayır.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.