"Mehman elan etdiyi kimi aclığına davam edir, birinci 4 gün quru aclıq idi, növbəti 1 həftə yalnız su qəbul edirdi, sonra bunun uzunmüddətli aclıq aksiyası olacağını nəzərə alaraq yalnız süd və süd məhsulları qəbul etməyə başladı"
Bu sözləri həbsdə olan blogger Mehman Hüseynovun qardaşı və hüquqmüdafiəçisi Emin Hüseynov deyib. Onun sözlərinə görə, Mehman Hüseynov KİV-ə müraciət ünvanlanmayıb, o müraciəti hökumət hazırlayıb və bloggerin adından yayıb.
Hüquqmüdafiəçisi bildirib ki, o hələ Mehman Hüseynovun xəttinə, imzasına toxunmadan başqa nümanslardan danışmaq istəyir.
"Əli Həsənovun "piser"ləri elə yazıblar"
"Mehman rus məktəbində oxuyub, dostları, jurnalistlərlə oturanda deyirdi sən canı bu səhvi düzəlt. 2-3 dənə səhv var ki, onu mən də edirəm, Mehman da edir. Baza və ali təhsilini rus dilində alan hər bir adam texniki səhvlərə yol verir. Bunu Əli Həsənovun "piser"ləri elə yazıblar".
Emin Hüseynov deyir ki, müraciəti yazanlar tarixi qoyublar ayın 10-u, həmin gün Mehmanın vəkilləri də onun yanında olublar.
"Mən vəkil vasitəsilə Mehmandan soruşdum ki, elan etdiyi kimi, yoğurt və sudan başqa o nəsə yemək qəbul edirmi? Mehman deyib ki, heçnə qəbul etmir, ancaq bunlarla da aclığımı davam etdirirəm. İndi onlar (hökumət - red) bunu aclıq kimi qəbul edirlər etsinlər, etmirlər, bu mənim problemim deyil, bu mənimçün aclıqdır".
"Mehman Hüseynovla məktub barədə söhbətimiz olmayıb"
[caption id="attachment_72320" align="aligncenter" width="1050"] Vəkil Şəhla Hümbətova[/caption]Mehman Hüseynovun vəkili Şəhla Hümbətova da mətbuatda Mehman Hüseynovun adından müraciət yazılandan sonra açıqlama verib.
Vəkilin sözlərinə görə, yanvarın 10-da Mehman Hüseynovla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.
"Amma bu gün, yanvarın 11-də “Report” agentliyində dərc edilən məktubun məzmununda onunla təcridxanada söhbətimiz olmayıb”.
"Mehman aclıq aksiyasını davam etdirir"
Emin Hüseynov bildirib ki, Mehman elan etdiyi kimi aclığına davam edir, birinci 4 gün quru aclıq idi, növbəti 1 həftə yalnız su qəbul edirdi, sonra bunun uzunmüddətli aclıq aksiyası olacağını nəzərə alaraq yalnız süd və süd məhsulları qəbul etməyə başladı.
"Uzunmüddətli aclıq edən adamlar ya sistem qəbul etməlidir. Mehman da deyir ki, həkimlər mənə iynə vurub ya məni öldürəcəklər, ya da nəsə edəcəklər, ona görə lazım gələrsə, mən qlükoza yerinə şirin su da içərəm, süd də içərəm, təki mənə iynə, sistem vurmasınlar".
Nelson Mandela, Mustafa Cemilev, Nadejda Savçenko...
Mehman Hüseynovun qardaşı deyir ki, aclığı bu formada Nelson Mandeladan tutmuş, Mustafa Cemilevə, yaxud Nadejda Savçenkoya kimi süd, qatıq qəbul etməklə 3-4 ay çəkir.
E.Hüseynovun sözlərinə görə, bu formada aclıq aksiyalarına görə heç kəs onlara demir ki, bu aclıq aksiyası deyil.
"Onlar (hökumət nümayəndələri - red) ayın 6-dan sanki bizə yalvarırlar ki, Mehman aclığı dayandırsın. Atamı ora aparırlar, deyirlər ki, bu uşaq öləcək. Atam da göz yaşı tökür ki, ay bala, sən allah, dayandır bu aclığı. Mehman da axırda bezib deyib ki, gəlmə yanıma, əgər ürəyin ağrıyırsa, get özünü həkimə göstər, mənə görə heçnə lazım deyil, mən bu əziyyəti çəkəcəm".
"Deyirlər jurnalistlərə ötürüb, hansı jurnalistlərə, kim ötürüb?"
Hüquqmüdafiəçisi müraciətdə yazılanlardan da danışıb. Deyib ki, yazılan müraciətdəki xətt Mehmana məxsus deyil. Onun sözlərinə görə, müraciəti hazırlayanlar çalışıblar onun imzasına oxşatsınlar.
"Yazı özünün deyil, imza özünün deyil. Bunu hər kəs, kriminalistlər də bilir ki, hərənin öz yazı stili, üslubu var. Onu müəyyənləşdirmək çətin məsələ deyil ki, yazılanları Mehman yazmayıb.
Əgər Mehman müraciət göndərmək istəsəydi, vəkili vasitəsilə ya şifahi, ya da yazılı formada bunu edərdi. Üstəlik, müraciət ötürmək istəsəydi, bunu ailə üzvlərinə ötürərdi. Deyirlər jurnalistlərə ötürüb, hansı jurnalistlərə, kim ötürüb?"
"Beynəlxalq təşkilatlar yanıma gəlsin"
E.Hüseynov bildirib ki, Mehman Hüseynov sonuncu dəfə vəkili ilə kağız göndərib, orda da yalnız geyim və qatıq, süd istəyib.
"Mehmanın dünənki (10 yanvar - red) hal-əhvalı nə idi? Deyib ki, mən aclığı davam etdirməkdə israrlıyam, əgər atam xəstədirsə, müalicəsi ilə məşğul olsun. Mənim yanıma heç kəs gəlməsin. Gələ bilirlərsə, beynəlxalq təşkilatlar yanıma gəlsin".
Emin Hüseynov Ədliyyə Nazirliyi yanında Monitorinq Qrupu üzvlərinin həbsxanada Mehman Hüseynovla görüşməsindən, onunla şəkil çəkdirmələrindən və şəkillərin yayılmasından da danışıb.
Məktubun məzmununa tam əks fikirlər
Vəkil Şəhla Hümbətova bildirib ki, əksinə, Mehman Hüseynov görüşdə ona yanvarın 11-də yayılan həmin mətnin məzmununa tam əks olan fikirlər söyləyib:
“O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam edəcək”.
Vəkil deyir ki, bu görüşdən sonra onun yanına kimsə getməyib: “Buna görə, mənim üçün də sürprizdir ki, bu mətni Mehman Hüseynov kiminlə göndərib”.
"Mehmana deməyib ki, şəkilləri yayacaqlar"
"Qaldı ki, hökumətyönümlü hüquqmüdafiəçilərinin Mehmanla şəkil çəkdirməsinə, onlar deməyib ki, bunu yayacaqlar. Stefan Şennak da gələndə şəkil çəkdirir. Bu protokol şəklidir. Ümumi şəkli türmə rəisinin müavini çəkib. Sahib Məmmədovla selfisinə gəldikdə isə, telefonu götürüb əlinə, deyib Mehman bir bura bax... Mehman da heç başa düşəsi vəziyyətdə olmayıb, sonra da deyib qorxma, özüm üçün çəkirəm".
Bloggerin qardaşı bildirib ki, bir dəfə də Mehman Hüseynov yeni həbs olunanda hüquqmüdafiəçilərindən biri həbsxanada onun şəklini çəkmişdi.
"O protokol şəkillərindən birini mənə göndərmişdilər ki, bax, Mehmana baş çəkmişik. Amma onlar yaymamışdı o şəkilləri. Sahib Məmmədov ondan sonra mənə yazmışdı ki, Mehmanın yaxşılığına yaymışam şəkilləri. Sən Mehmanın yaxşılığına istəmisən, bəs o yazdıqların nə idi?"
E.Hüseynov vəkili vasitəsilə Mehman Hüseynovdan aclığı dayandırmaqla bağlı hər hansı ərizə yazıb yazmadığını dəqiqləşdirdiyini deyib.
"Hansını ki, Sahib Məmmədov deyir görmüşəm. Mehman deyib ki, ilk gündən, 26 dekabrdan 10 yanvar tarixinə qədər əlimlə hər hansı ərizə, məktub yazmayıb. Nə Qırmızı Xaça, nə Sahib Məmmədova, nə vəkilinə, heç kəsə aclığı dayandırmaqla bağlı yazmayıb, heç bir sənə də qol çəkməyib".
Məktubda nə yazılıb?
Həbsdə olan bloqqer Mehman Hüseynovun adından, bu gün, yanvarın 11-də bəzi kütləvi informasiya vasitələrində məktub dərc edilib.
Həmin məktubun yanvarın 10-da (vəkil də elə həmin gün bloqqerlə görüşüb) yazıldığı qeyd edilir.
“Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim”, bloqerin adından dərc edilən məktubda qeyd edilir.
Həmin məktubda daha sonra yazılır: “Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin (hüquq müdafiəçisi olan Emin Hüseynov hazırda mühacirətdədir. Bloqqerin müdafiəsi ilə bağlı bir sıra tədbirlər keçirir), nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.
Bu məktubun bəzi kütləvi informasiya vasitələrinə neçə çatdığını dəqiqləşdirmək mümkün olmayıb. Məsələyə, hələlik, Penitensiar Xidmətdən də münasibət almaq cəhdləri nəticə verməyib.
Xatırlatma
Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.
Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.
Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.