AXCP-dən 9, Müsavat Partiyasından 1 nəfərin inzibati həbs cəzası aldığı bildirilir
Demokratik Qüvvələrin Milli Şurasının 19 yanvar mitinqindən 1 gün əvvəl saxlanılan 4 AXCP üzvündən hələ xəbər yoxdur.
Bu barədə Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.
İlham Hüseyn deyib ki, Ruslan Əmirov, Bəxtiyar İmanov, Elşən Bəyləroğlu və Ramid Nağıyev yanvarın 18-də axşam saxlanılıb. Onların hansı polisə idarəsinə aparıldığı haqda hələ araşdırma aparırlar.
Rəyasət Heyətinin digər üzvü İradə Nəriman yanvarın 15 və 18 tarixlərində partiyanın 9 fəalının həbs edildiyini bildirib:
“AXCP Nizami şöbəsinin sədri Paşa Umudov, Sabunçu rayon təşkilatının fəalı Namiq Abbasəliyev 30 sutka, partiyanın Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov 23 sutka, AXCP funksionerləri AXCP Gənclər Komitəsinin sədri, partiyanın RH-nin üzvü Emil Səlimov, AXCP Ali Məclisinin üzvü Nicat Abdullayev, AXCP GK İH-nin üzvü Nicat Nizamov, AXCP Rəyasət Heyətinin üzvü Saqif Qurbanov 20 sutka, Saatlı şöbəsinin fəalı Kamran Əmirov 17 sutka, AXCP Nəsimi şöbə sədrinin müavini Fərid Əsədov 10 sutka inzibati cəza alıblar”.
Müsavat Partiyasının məlumatında isə deyilir ki, yanvarın 18-də axşam saatlarında partiyanın Gənclər Komitəsinin üzvü Elman Quliyev 15 sutka inzibati həbsə məhkum edilib.
Milli Şura yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirib.