... Sonra qəfildən hamı bir səslə təkid elədi ki, Hans Kastorp yubanmadan özünü həkimə göstərsin. Bu yenilik hamıda bir canlanma yaratdı və səhər yeməyi ərəfəsində onların masası yeməkxanadakı bütün masalardan daha səsli-küylü oldu. Ən çox canfəşanlıq eləyən frau Şter idi. Göyümtül-qırmızı, küt sifətli, yanaqları qırışmış bu qadın gic-gic çərənləməyə, öskürəyin xüsusi xoş tərəflərindən danışmağa başladı; Hə, sinənin dərinliyində qıcıqlanmanın əmələ gəlməyində, sonra yavaş-yavaş artmağında nəsə şirin və əyləncəli bir şey var. Bu qıcıqlanmanın öhdəsindən gəlmək üçün var gücünlə öskürürsən, asqırmaq üçün bir neçə dəfə dərindən nəfəs alıb verirsən, sonra özünü ləzzətlə asqırmağın ixtiyarına buraxırsan və asqırarkən dünyada hər şeyi yaddan çıxarırsan. Bu da sizə burdakı həyatın pulsuz sevincləri, bu sevinclərin necə olmasının nə fərqi var!
Tomas Mann-ın “Sehrli dağ” əsərindən
Tomas Mannın yazdığı əsərlərin çoxunu oxumuşam. “Buddenbroklar”, “Yusif və qardaşları”, “Venesiyada ölüm”, “Doktor Faustus”, “Sehrli dağ”, müxtəlif novellalar...
Oxuduqlarım arasında ən xoşuma gələn “Balaca cənab Frideman” novellası, “Buddenbroklar” romanı olub. “Buddenbroklar” əsərini birinci dəfə oxuyanda heç nə başa düşməmişdim, ancaq əsərin məzmunu ilə tanış olmuşdum. Bunu əsəri ikinci dəfə oxuyanda az qala hər səhifədə hiss edirdim. Həqiqətən zaman keçdikcə, yaş və həyat təcrübəsi artdıqca insanın əsərdən aldığı təəssüratlar da dəyişir. Dəqiq belədir. Adını unutmuşam, (ötən yazıda qeyd etdiyim kimi bəndənizdə son vaxtlar ciddi yaddaş pozğunluğu əmələ gəlibdir) hansısa yazıçı demişdi ki, bir əsəri başa düşmək üçün orda yazılanların heç olmasa, əlli faizi bu və ya digər formada oxucunun başına gəlməlidir. Bundan əlavə, Milan Kunderaya istinad edərək deyə bilərik ki, əsərin hansı şəraitdə və harda oxunması da əsərin necə qavranılmasına öz təsirini şəksiz göstərir.
“Buddenbroklar” əsərini ikinci dəfə oxuyanda elə hey başımda bir sual fırlanırdı; iyirmi altı yaşda belə əsəri necə yazmaq olar? İyirmi altı yaşda olarkən keçirdiyim hisləri, keçirdiyim mənasız günləri, arzularımı, istəklərimi, səydəş qızlarla səydəş sevgi münasibətlərimi xatırlayırdım və xatırladıqca xəcalət çəkirdim, tər tökürdüm, əzab çəkirdim, istəyirdim yer aralansın, girim yerin altına, canım bu xəcalətdən, canım bu zülmdən birdəfəlik qurtarsın. Allah kəssin belə yaşamağı! Arada özümə təsəlli vermək üçün Tomas Mannın yetişdiyi mühiti, necə bir ailədə böyüdüyünü xatırlamağa məcbur olurdum. Zarafat deyil, söhbət adi adamın yazdığı əsərdən getmir, söhbət yüksək mədəniyyətə çatmış, bəşəriyyətə girdirmə deyil neçə-neçə həqiqi dahilər bəxş etmiş bir xalqın super seçilmiş nümayəndəsindən gedir. Axı sən özünü heç cür onunla müqayisə edə bilməzsən. Bu, hər şeydən əvvəl özünə qarşı ədalətsizlikdir. Bu ciddi, tutarlı təsəllilərə baxmayaraq hər səhifəni çevirdikcə “iyirmi altı yaşda belə əsəri necə yazmaq olar” sualının ağırlığı daha da artırdı. Xüsusən, əsərin bir yerində o qədər təsirləndim ki, “iyirmi altı yaşda belə əsəri necə yazmaq olar” sualının ağırlığına belim tab gətirə bilmədi və ikiqat əyildi. Deməli, nənə Buddenbrok rəhmətə gedir. Baba Buddenbrok ağlamır, sızlamır, eləcə susur və ancaq zaman-zaman astadan bu sözləri deyir: “Qəribədir... Bütün bunlar çox qəribədir...” Bu hissəni oxuyanda dözmədim. Dözə bilmədim. Kitabı qoydum kənara. Başladım özüm özümlə danışmağa. Ay müəllim, axı bu iyirmi altı yaşın söhbəti deyil. Sən iyirmi altı yaşda bu səviyyəyə, bu həqiqətə necə çatmısan? Nə yemisən, nə içmisən, hansı kitabları oxumusan, hansı tərbiyəni, hansı təhsili almısan, nələr görmüsən?
“Qəribədir... Bütün bunlar çox qəribədir” – axı bu cümləni yazmaq, bura gəlib çatmaq üçün iyirmi altı yaş çox azdır. Bu cümləni yazmaq üçün ən azı otuz beş il yaşamaq lazımdır.
Yuxarıda qeyd etdiyim kimi Tomas Mannın yazdığı əsərlər arasında ən xoşuma gələnlər “Balaca cənab Frideman” novellası və “Buddenbroklar” romanıdır. Sırf ədəbiyyat nöqteyi-nəzərindən bu iki əsər Tomas Mannın ən yaxşı əsərləridir. Bu, bəndənizin şəxsi fikridir. Hər kəsə aid etmək düzgün olmaz, amma ümumiyyətlə, yazıçıların əvvəllər yazdığı əsərlər sonralar yazdığı əsərlərdən hadisələr bolluğu baxımından seçilir. Bunun çox güman ən başlıca səbəbi zaman keçdikcə yazıçının əlinin altındakı ədəbi xammalın azalmasıdır. Yazıçının əlinin altındakı xammal azaldıqca əsərlərdə dinamika, sırf həyatdan gələn müşahidələr, söhbətlər azalır, yazıçı qaşınmayan yerdən qan çıxarmağa, uydurmağa başlayır. Nobel mükafatçısı Mo Yan müsahibələrindən birində bu barədə danışmışdı:
- Sizin romanlarınızda hadisələr əsasən, deyək ki, Folknerdə Amerikanın cənubu kimi qurama şəhərdə baş verir. Sizin doğma Qaomi şəhəriniz hardasa Yaknopotofun prototipi qismində çıxış edir. Yarıqurama aləmə qayıdıb oxucunun diqqətini tamamilə fokusdan yayındırmağa sizi nə məcbur edir?
- Yazmağa təzə başladığım dövrlərdə məni əhatə edən dünya çox real idi və mənim bütün əsərlərim şəxsi təcrübələrimin məhsulu idi. Dərc etdiyim işlərin sayı artdıqca gündəlik həyat təcrübələrim azlıq etməyə başladı və mən qurmağa, bəzən isə hətta fantaziyalara əl atmağa məcbur oldum.
***
“Sehrli dağ” avtobusda, metroda və digər belə məkanlarda əlüstü oxunulacaq əsər deyil. “Sehrli dağ” ağır, mürəkkəb əsərdir. Bu əsəri oxuyanda bütün diqqətini, fikirlərini, hislərini əsərə fokuslamalısan. Yəni loru dildə desək, əsərin əvvəlindən içinə girib əsərin sonuna kimi orda yaşamalısan. Əks halda “Sehrli dağ”ı oxumaq oxumaq sayılmayacaq. Heç kim özünü aldatmasın. Ən yaxşısı o olar ki, “Sehrli dağ”ı qoltuğuna vurub müqəddəs məkanlara ziyarətə gedən səmimi adamlar kimi məsuliyyətlə, ciddi bir tərzdə harasa bir yerə gedəsən, on günə, on beş günə bu əsəri oxuyub geri qayıdasan...
Boynuma alıram, indi qəribə, çətin bir vəziyyətdəyəm. Tomas Mannın “Sehrli dağ” əsəri haqqında yazmaq istəyirəm, amma həm də bu əsər haqqında yazmaq mənə mənasız görünür. Ənənəyə uyğun olaraq bəlkə bir az əsərin süjetindən, məzmunundan bəhs etmək lazımdır? Nə yazmaq olar əsərin süjeti haqqında? İyirmi dörd yaşlı mühəndis Hans Kastorp xalasıoğlu Yoaxim Simseni ziyarət etmək üçün Alp dağlarında yerləşən sanatoriyaya gedir. Əvvəlcədən nəzərdə tutulmasa da, Hans Kastorp illərlə burda qalmalı olur və bütün hadisələr də sanatoriyada cərəyan edir, at izi it izinə qarışır. Vəssalam, bundan artıq əsərin məzmunu, ümumiyyətlə, əsər haqda nəsə yazmağı hal-hazırda mənasız hesab edirəm. Amma bu, o demək deyil ki, “Sehrli dağ” haqqında yazacağım, deyəcəyim sözlər yoxdur. Xeyr, “Sehrli dağ” haqqında deyə biləcəyim kifayət qədər sözlər var. Əsər haqqında ən azı bir saat danışa, səhifə-səhifə yaza bilərəm. Sadəcə yazmaqda məna görmürəm. Bilmirəm niyə? Cığallıq, fərarilik etmirəm. Belə bir əziyyətin yaranmasının şəxsi ovqatımla da heç bir əlaqəsi yoxdur. Xahiş edirəm, sözlərimi səmimi qəbul edin. Onu da nəzərə alın ki, bu məsələdə tək deyiləm. Tanıdığım üç adam belə vəziyyətə düşüb. Əsəri oxuyublar, möhkəm təsirləniblər, əsər haqda yazmaq istəyiblər, amma yazmağı mənasız hesab ediblər. Deyəsən, “Sehrli dağ” o əsərlərdəndir ki, ondan aldığın təəssüratlar insanın özündə qalmalıdır. Ən yaxşı halda əsəri oxumuş adamla oturub söhbət edə bilərsən. Şişirtmək, ağ eləmək kimi görünməsin, hətta əsəri oxumuş adamla söhbət edə biləcəyin də dəqiq deyil, bunun özü də xeyli şübhə altındadır.
Seymur Baycan