Yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirdiyinə görə saxlanılan Rafael Hüseynzadənin atasına oğlu ilə görüş verilməyib. R.Hüseynzadə inzibati qaydada həbs olunanlaran saxlanma təcridxanasındadır. Bu barədə Turan agentliyinə gəncin atası Füzuli Hüseynov bildirib.
"Binəqədi təcridxanasında Rafaelə apardığım əşyaları qəbul etdilər, ancaq görüş vermədilər", - F.Hüseynov bildirib.
Onun sözlərinə görə, oğlunun kamera yoldaşı bu gün azadlığa çıxıb.
"O, mənə dedi ki, Rafael ilə bir kamerada olub. Oğluma 30 sutka veriblər. O dedi ki, oğlum fiziki təzyiqlərə məruz qalmayıb", - F.Hüseynov bildirib.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin saytında məlumat verilib ki, R.Hüseyzadə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsilə məsuliyyətə cəlb edilib.
Lakin ona hansı cəzanın verildiyi gstətilməyib.
Məhkəmədən əlavə məlumat almaq mümkün olmayıb.