Hollandiyalı alimlərin Sakit Okeanda İngiltərə böyüklükdə bir ərazidə yayılmış zibilləri 600 metrlik bariyerlər vasitəsilə yığmaqla bağlı eksperimentləri uğurlu olub.
Bu barədə "Ocean Cleanup" adlanan layihənin müəllifi Boyan Slat ingilis "Guardian" qəzetinə müsahibəsində bildirib.
Layihə müəllifinin sözlərinə görə, eksperiment nəticəsində ərazidə bir tonluq balıq tutmaq üçün torlar və onlara qarışmış maşın təkərlərindən tutmuş mikroplastiklərə qədər çox sayda zibil yığılıb.
Beləliklə, alimlər okeanlardakı plastik zibilləri bir yerə yığma üçün az büdcəylə başa gəlmiş layihələrini uğurla gerçəkləşdiriblər.
Boyan Slat bildirib, 600 metrlik bariyerə bir gəmi ayda bir neçə dəfə baş çəkərək orda yığılan zibilləri götürüb quruya çıxardacaq və onlar təzədən emal olunacaq.
Slatın sözlərinə görə, layihənin ucuzluğu ona əsaslanır ki, burda daima dənizdə üzən bir gəmiyə ehtiyac yoxdur. Gəmi ayda 2-3 dəfə də gəlib bariyerlərə baş çəkə bilər.
Bundan öncə eyni layihənin prototipi olaraq sınaqdan keçirilən bariyerlər sərt okean sularının təzyiqinə dözməyərək dağılmışdı.
[caption id="attachment_82483" align="aligncenter" width="860"] Okeandan toplanmış plastik materiallar.[/caption]Slat deyir ki, hal-hazırda okeanlarda 1,8 trilyon ton plastik kütlələrin olduğu düşünülür. Bundan əlavə hər il 8 milyon ton plastik kütlə yenidən qurudan okeana gətirilir. Təkcə okeanlardakı atılmış balıq torlarının 800 min ton ağırlığında olduğu təxmin edilir.
Layihəsinin vəziyyəti ilə bağlı Hollandiyanın Rotterdam şəhərində mətbuat konfrası keçirən alim Slat deyir ki, okeanlardan toplanmış plastik kütlələrinin satışı ilə bir neçə il içərisində onun layihəsi özü-özünü maliyyələşdirə bilər.
Slat zamanla okean plastiklərini istifadə edib nələrsə yaratmaq istəyən insanların vasitəsilə dünyada ayrıca bir plastik bazarının yarana biləcəyini də dilə gətirib.
Qeyd edək ki, okeonoloq alimlərin Atlantik Okeanının cənubunda apardığı araşdırmaya görə burda yaşayan pinqivinlərin nəcisində çox miqdarda plastik maddələrə rast gəlinir.
Bu onu göstərir ki, okeanlarda yaşayan canlıların qida zəncirinə artıq çoxdan plastik maddələr də daxil olub. Plastik maddələr həm insan, həm heyvan bədəni üçün zərərli və ölümcül təsirlərə malikdir.