Ümumdünya Səhiyyə Təşkilatı (WHO) dünya çapında gənclərin obezitə və kardioloji xəstəliklərin qarşısını almaq üçün kifayət qədər hərəkət etmədiklərini bəyan edib. Həmçinin bəyanatda deyilir ki, qızlar oğlanlardan daha az hərəkət edir.
Ümumdünya Səhiyyə Təşkilatı 146 ölkədən olan 11-17 yaş arası 1,6 milyon gəncin 2001 və 2016-cı illər arası gündəlik hərəkətliliyini araşdırıb. Əldə edilən məlumatlar onu göstərib ki, az hərəkət edən gəncləri, gələcəkdə ölüm riskiylə dolu xəstəlikli bir həyat gözləyir.
Araşdırmaya görə gənclərin 80 faizi gündə bir saatını belə fiziki hərəkətə ayırmır.
"Lancet Child & Adolescent Health Journal" dərgisində çap olunan araşdırma nəticəsində məlum olur ki, yeniyetmələr aktiv həyat tərzi yaşamamalarının əsas səbəblərindən biri rəqəmsal texnologiyaların ortaya çıxmasıyla başlayan "onlayn" vaxt keçirməsidir.
ÜST-ün həyat tərzi və xəstəliklər üzrə eksperti Leanna Riley deyir ki, "Yeniyetmələrin hərəkət qəliblərini dəyişdirən və onları daha çox oturmağa, daha az fiziki aktivliyə, daha az yeriməyə, yəni ümumən daha qeyri-fəal həyat tərzinə sürüklərən elektronik inqilabdır".
ABŞ-da aparılmış başqa bir araşdırmada isə çəkisini nəzarətdə saxlayan və saxlamayan adamların elektronik cihazlarının ekranlarının aktiv qalma vaxtı ölçülüb. Məlum olub ki, itirdiyi kiloloarı alan insanların 80 faizinin elektronik cihazın ekranları önündə daha çox vaxt keçirirmiş.
Belə ki, artıq çəkilərdən qurtula bilənlərin ekranlar qarşısında keçirdiyi vaxt gündə 1 saatdan az olduğu halda, qurtula bilməyənlərin keçirdiyi vaxt 4 saatdan çox olub.