Vəkil Osman Kazımov “Basta”ya bildirib ki, prosesdə “Nikoyl” bankın 6 saylı filialının keçmiş direktoru Emin Axundov dindirilib.
Şahid qismində ifadə verən Axundov direktor işlədiyi dövrdə Əbülfəz Sadıqbəyliyə kredit verilməsinə dair qovluğun itməsindən xəbəri olmadığını deyib. O, kredit üzrə borcların ödənilmədiyindən də xəbərsiz olduğunu söyləyib.
Bundan sonra təqsirləndirilən şəxslər və vəkillər keçmiş direktora öz suallarını ünvanlayıblar.
Əbülfəz Sadıqbəyli bildirib ki, bank işçisi Kamran Abbasov 5100 manatı ondan aldıqdan sonra müvafiq arayışa möhür vurdurmaq üçün dəhlizin sağ tərəfindəki kabinetə daxil olub. Məhkəmədə aydınlaşdırılıb ki, dəhlizin sağ tərəfindəki kabinet məhz direktor Emin Axundova məxsus olub. Kamran Abbasov isə keçmiş direktorunu müdafiə edərək, möhürü dəhlizin sol tərəfindəki kabinetdə vurduğunu söyləyib.
Daha sonra Osman Kazımov bildirib ki, Kamran Abbasov 5100 manat alıb banka təqdim etdikdən sonra Əbülfəz Sadıqbəylinin kredit üzrə borcu olmadığı və avtomobilin girovdan çıxarılmasına icazə verildiyi haqda rəsmi arayış verib. Lakin bundan 1 ildən artıq vaxt keçdikdən sonra – Əbülfəz Sadıqbəyli həbs edildikdən sonra Kamran Abbasov aldığı pulu geri qaytarıb. Məhkəmənin əvvəlki iclasında ifadə verən Kamran Abbasov Əbülfəz Sadıqbəylidən pul aldığını və sonra qaytardığını inkar edib. Lakin Osman Kazımov bildirib ki, Kamran Abbasovun pulu qaytardığını təsdiqləyəcək şahidlər var.
Osman Kazımov həmin şahidlərin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıb. Hakim bu vəsatətdən sonra məhkəmə iclasını təxirə salıb.
Proses fevralın 13-də, saat 10:00-də davam etdiriləcək.
Qeyd edək ki, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb. Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur.
Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.
Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub.