"16 saylı Cəzaçəkmə Müəssisəsinə sutka ərzində istilik 4 saat, o da gecələr verilir. Nəticədə məhbuslar arasında xəstəlik yayılıb, öskürək, qızdırma adi hala cevrilib".
Bu barədə həmin Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının qardaşı Ramazan Muxtarlı məlumat yayıb.
R.Muxtarlı qardaşına istinadən bildirib ki, müəssisədə tibbi xidmət yoxdur, imkanı olan məhbuslar öz hesablarına dərman alıb müalicə olunmağa calışır:
“Kameralar soyuq olduğundan müalicənin əhəmiyyəti olmur. Həm də dərman almaq hamının imkanı daxilində deyil. Müəssisə rəhbərliyi yaranmış vəziyyətin dəyişməsi yönündə heç bir tədbir görmür”.
R.Muxtarlı məhbuslara verilən yeməyin olduqca keyfiyyətsiz və yararsız olduğunu iddia edir:
“Lazımınca qida ilə təmin olunmurlar. Başqa bir problem məhbusların saxlanma şəraiti ilə bağlıdır. 1 yataq yerinə 3 nəfər düşür. Məhbus çox, yataq yeri az. Yay aylarında isə məhbuslar dəhlizlərdə, yerdə yatırdılar. İndi isə kameralara dolub, yer çatmadığından növbə ilə yatırlar. Bu isə sutka ərzində 4 saat yuxu deməkdir”.
O, qardaşının ailə üzvləri ilə telefon danışığına qadağa qoyulduğunu bildirib:
“Əfqana həyat yoldaşı Leyla Mustafayeva ilə əlaqə saxlamağa məhdudiyyət qoyulub. Telefon xəttinin “Aztelecom” tərəfindən borc olduğuna görə xaricə çıxışlarının bağlandığını bildiriblər. Amma borc barədə “Aztelecom” tərəfdən heç bir bildiriş gəlməyib. Əslində, məqsəd Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva ilə əlaqələrini kəsməkdir. Çünki Leyla xanım müəssisədə baş verən hadisələri beynəlxalq miqyasda işıqlandırır, mətbuata məlumatlar verir”.
Ə.Muxtarlı özü bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədova cəzaçəkmə müəssisəsində vəziyyətlə bağlı müraciət edərək, onu ora baş çəkməyə dəvət etmişdi.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıxov sutkada 4 saat istiliyin verilməsini Meydan TV-yə təkzib edib.
M.Sadıxov deyib ki, Cəzaçəkmə Müəssisəsində kombi sistemi quraşdırılıb və fasiləsiz istilik verilir. M.Sadıxov qidaların keyfiyyətsiz olması haqda deyilənləri də doğru saymır: “Hətta diabetli xəstələr üçün ayrıca qida verilir”.
Şöbə rəisi bildirib ki, məhbusların çox olması barədə fikirlərlə razı deyil.
“Orda saxlanılan məhbusların sayı saxlanma limitindən qat-qat aşağıdır”.
M.Sadıxov Əfqan Muxtarlıya telefon danışıqlarına heç bir qadağa qoyulmadığını deyib.
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da “yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.
Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.