ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan hakimiyyətini KİV-in fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıb.
Azərbaycanda 20 çap mətbuatının maliyyələşdirilmədən məhrum edilməsi haqqında qərarı şərh edən Dezir KİV-in rəqəmsallaşdırma ilə bağlı transformasiya proseslərindən keçərkən onlara dəstəyin vacib olduğunu deyib. Bu barədə ATƏT-in rəsmi saytı məlumat yayıb.
Harlem Dezir bildirib ki, baş verən hadisə KİV-ə şəffaf və ədalətli iqtisadi dəstək sistemi və mətbuatın plüralizmini və müstəqilliyini təmin edən hüquqi mühitin olmasını təmin edir:
“Bu, həmçinin KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə, şəffaf rəqabətə, reklam mənbələrinə bərabər çıxışa, azad informasiya axınına və İnternetdən maneəsiz istifadəyə kömək edən qanunların və müdafiə mexanizmlərinin tətbiq edilməsini tələb edir".
H.Dezir ölkə rəhbərliyi, jurnalistlər və qeyri-hökumət təşkilatları ilə görüş üçün yaxın gələcəkdə Azərbaycana səfər etməyə böyük maraq göstərdiyini bildirib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yanvarın 31-də Azərbaycanda fəaliyyət göstərən əksər qəzetlərə maliyyə yardımını dayandırıb.
Maliyyə yardımı dayandırılacaq qəzetlər bunlardır:
"Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.
Bundan başqa, xeyli sayda müstəqil və müxalif medianın internet üzərindən ölkədə yayımına qadağa qoyulub. Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzetinə məxsus “azadliq.info”, “abzas.net”, “bastainfo.az”, “criminalaz.az” saytlarına ölkədən giriş mümkünsüzdür.
Turan