Cəmiyyət

Daha iki AXCP fəalının saxlanıldığı deyilir

1 dəqiqə
Daha iki AXCP fəalının saxlanıldığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı saxlanılıb. Bu barədə AXCP sədrinin müavini İlham Hüseyn məlumat yayıb.

Onun sözlərinə görə, siyasi fəal Elnur Cabbarlı fevralın 3-ü axşam saatlarında evlərindən Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Sədr müavinin sözlərinə görə, Amil Məmmədzadəni fevralın 4-ü saat 16 radələrində saxlayıb və Suraxanı Rayon Polis İdarəsinə gətiriblər.

İ.Hüseyn deyir ki, gənclərin saxlanılması siyasi fəallıqları ilə bağlıdır: "Ehtimalım budur ki, onlara da bundan əvvəlki cəbhəçilərə olduğu kimi 20-25 sutka inzibati cəza verilə bilər".

Saxlanılanlarla bağlı adları çəkilən polis idarələrindən şərh almaq mümkün olmayıb.

2019-cu il yanvarın 19-da Milli Şuraya daxil olan siyasi partiyalar və ictimai qurumlar mitinq keçirib. Mitinqə hazırlıq ərəfəsində bir sıra təşkilatçılar həbsə alınıblar.

Daha sonra yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətdən sonra 20-yə qədər şəxs saxlanılıb.

Bütünlükdə AXCP partiyanın 50 nəfərə kimi fəalının saxlanıldığını, onlardan 20-yə yaxın şəxsin inzibati cəza aldığını, bəzilərinə də pul cərimələri kəsildiyini bildirir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun