Prezident İlham Əliyev uzun müddətdən sonra yerli mediaya müsahibə verib. Müsahibəni REAL TV-nin rəhbəri Mirşahin Ağayev alıb.
Təxminən 1 saat davam edən müsahibədə İlham Əliyev bir çox məsələləra toxunub. Dövlət başçısı elə ilk olaraq niyə yerli mətbuata müsahibə verməməsindən danışıb.
İlham Əliyev deyib ki, o, öz işində mediadan gələn xəbərlərə istinad edir, bəzi hallarda mediadan bir çox məsələləri öyrənir, dərhal reaksiya verir.
"Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir".
Prezident bildirib ki, bunun məqsədi Azərbaycanın imicinə zərbə vurmaq, ölkənin inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada mövcudluq, sözlərin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq.
"İkinci səbəb ondan ibarətdir ki, ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müxtəlif formatda bildirdirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir, həm də görüləcək işlər haqqında danışılır".
İlham Əliyevin sözlərinə görə, eyni zamanda bu müsahibə onu göstərir ki, o həmişə Azərbaycan mediasına açıq olub, bundan sonra da belə olacaq.
Problemləri tamamilə gündəlikdən çıxarmaq
Dövlət başçısı 2019-cu ildə başlayan islahatlardan da danışıb. Onun sözlərinə görə, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir.
"Ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır. Vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır. İnsanların rifah halını yaxşılaşdırmaqdır. Daha güclü dövlət qurmaqdır".
İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir?
Ölkə başçısı Şamaxı və Ağsuda baş verən zələzələdən də danışıb. O, sual edib ki, inkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir?
"Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedib sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, əgər ala bilsə. Ondan sonra o pulla özü üçün yeni ev tikir. Aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir".
İ.Əliyevin sözlərinə görə, Azərbaycanda isə dərhal bütün dövlət qurumları səfərbər olur, dövlət maliyyə vəsaiti ayırır və dövlət xətti ilə evini itirmiş vətəndaşa ev tikilir.
"Hansı başqa ölkədə bu var? Bunu deməklə mən sadəcə olaraq öyünmək istəmirəm, həqiqətləri demək istəyirəm".
Saray nənə haqqında
Ölkə başçısı deyib ki, Şamaxıya gedəndə Saray nənə ilə rastlaşacağını bilməyib."Gedirdim zəlzələdən ziyan çəkmiş evlərə baxım. Bu görüş məndə də çox böyük təəssürat, böyük bir iz buraxdı. Ümid edirəm tezliklə Saray nənə ilə bir də görüşəcəm və ona yeni evinin açarını təqdim edəcəm".
"Bunu biz özümüz eləmişik"
ASAN Xidmətdən danışan İlham Əliyev bildirib ki, bəlkə də bu gün o xidmətin əhəmiyyəti tam dərk edilmir. Bu sadəcə olaraq vətəndaşlara gözəl rahat xidmət mərkəzi deyil. Bu, böyük dərəcə insanlarda böyük dəyişikliklərə gətirib çıxarıb.
"ASAN Xidmətdə korrupsiya sıfırdır, rüşvətxorluq sıfırdır, kobudluq sıfır, bürökratiya sıfır. Bu, mümkündür. Bunu biz özümüz eləmişik. Heç bir hansısa xarici təşkilat bunu bizə tövsiyə etməmişdir.
Sirr deyil ki, ASAN Xidmətə qədər hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdi bizim vətəndaşlar. Günlərlə, bəlkə də həftələrlə vaxt itirirdilər. Digər xoşagəlməz hallarla üzləşirdilər. Biz bunu bacardıq, bunlar hamısı keçmişdə qaldı".
"AXC-Müsavat cütlüyü işğalı şərtləndirən əsas amil olub"
Ölkə başçısı müsahibəsində AXC-Müsavat hakimiyyəti dövründən də danışmağı unutmayıb. O, əminliklə deyib ki, əgər müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycan prezidenti olsaydı, heç vaxt torpaqlar işğal altına düşməzdi.
"Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə bilməmişlər, ölkəmizin maraqlarını qoruya bilməmişlər.
Xüsusilə, 1992-ci ildə baş vermiş çevriliş nəicəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü işğalı şərtləndirən əsas amil olub. Çevriliş ərəfəsində Şuşa və Laçın, çevrilişdən bir il keçmədən Kəlbəcər işğal altına düşüb".
Paşinyanın görüşlərdə 3-cü tərəfin olması bəyanatları haqqında
İlham Əliyev bildirib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi.
"Onlar iddia edirdilər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu, ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də belə bir mövqe ilə razılaşa bilməzdilər".
Prezidentin sözlərinə görə, hökumət öz prinsipial mövqeyində qalaraq danışıqlar prosesinə sadiqdi və bu gün danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılır.
Beynəlxalq tədbirlərin xüsusi rolu barədəDövlət başçısı deyib ki, turistləri cəlb etməkdə xüsusi rol oynayan Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdir. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı.
"Nəyə görə bu vaxta qədər artmırdı? Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları və Formula 1 yarışları 22 faiz turislərin səviyyəsini qaldırdı. Ondan sonra İslam Həmrəyliyi oyunları keçirilib 2017-ci ildə və biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə".
Könüllülər
İlham Əliyev dövlət təşkilatlarından könüllülük fəaliyyətindən danışıb və bildirib ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumlarının könüllüləri işə cəlb etməsi ilə bağlı göstəriş verib.
"Təkcə ASAN-da yox, başqa qurumlarda, indi Aqrar könüllülər təşkilatı yaradıldı. Hesab edirəm ki, bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə toplamalıdırlar və özünü gələcəyə hazırlamalıdır".
Balanslaşdırılmış, tarazlaşdırılmış siyasət
Ölkə başçısının sözlərinə görə, xarici mətbu orqanlarında, ekspert cəmiyyətlərində belə bir fikir söylənir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır.
"Elə bil ki, balans axtarır bu regionda. Bu belə deyil. Biz balans axtarmırıq. Biz sadəcə olaraq xarici siyasətimizlə öz milli maraqlarımzı qoruyuruq və mümkün olan riskləri azaldırıq".
İ.Əliyevin deyib ki, ölkənin xarici siyasəti məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, xarici siyasətdə də onu etmək lazımdır və edilir. "Və deməliyəm ki, buna müvəffəq olmuşuq".
[embed]https://www.youtube.com/watch?v=qlkhrohqs2M[/embed]