Prezident İlham Əliyev Zahid Məhərrəm oğlu Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident fevralın 11-də bununla bağlı sərəncam imzalayıb. Fevralın 8-də isə İlham Əliyev Sosial Tədqiqatlar və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzlərinin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələləri araşdırmaq və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.
Sosial Tədqiqatlar Mərkəzinin publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəyi və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacağı bildirilir.
Fərmana görə, mərkəz ictimai münasibətlər sahəsində mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.
Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini başa vurub.
1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsini işləyib. Zahid Oruc 2001-ci ildən deputat mandatı daşıyır. 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürəndən sonra partiya sədri ilə aralarında yaranan fikir ayrılığından sonra partiyanı tərk edib.
Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bildiyi deyilir. Ailəlidir, 2 övladı var.