Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) martın 2-nə təyin etdiyi mitinqə icazə verməyib.
Şəhər administrasiyası imtinanı DQMŞ-nin 19 yanvar mitinqindən sonra ictimai təhlükəsizliyə yönələn hərəkətlərin törədilməsi, aksiyanın keçirildiyi yerin ətrafında müəssisələrin və nəqliyyatın normal fəaliyyətinin pozulması ilə əsaslandırıb.
Artıq üçüncü dəfədir ki, şəhər administrasiyası eyni əsaslarla müxalifətin mitinqinə icazə verməkdən imtina edir. Bundan öncə 26 yanvar və 23 fevral mitinqlərinə icazə verilməyib.
DQMŞ bunu toplaşma azadlığının pozulması kimi qiymətləndirir.
Qeyd olunur ki, 19 yanvar mitinqi ərəfəsində və sonra 64 nəfər saxlanılıb. 43 nəfər inzibati qaydada 10 sutkadan 30 sutkayadək həbs edilib. 21 nəfər cərimə olunub.
DQMŞ mitinqləri siyasi məhbusların azadlığa buraxılması, korrupsiya qarşı mübarizə, əhalinin kredit borcları məsələsinin həlli, demokratik islahatların aparılması tələbilə keçirir.