Mustafa Hacıbəylinin məhkəməsi davam edir

Mustafa Hacıbəylinin məhkəməsi davam edir
6 Fevral 2019
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib.

Prosesdə şahid Arzuxanım Məmmədovanın ifadəsi dinlənilib. O bildirib ki, heç yerdə çalışmır, 90-cı illərdən Yeni Azərbaycan Partiyasının üzvüdür. İyulun 17-də islah müəssisəsində cəza çəkən oğluna baş çəkib. Evə qayıdarkən basta saytına daxil olub: bəzi məqalələri oxuyunca şok keçirib, çox narahat olub. Onlar adamları mitinqə, iğtişaşlara çağırırdı. “Bundan sonra dərhal Bakı Şəhər Prokurorluğuna getdim və ərizə yazdım, onu Elçin adlı müstəntiqə verdim. Orada bir dəfə, ərizəni verəndə olmuşam”, – o deyib.

Mustafa Hacıbəyli şahidə məqalələri oxuduğu saytın domen-ünvanının necə yazıldığını soruşdu. A.Məmmədova dedi: “basta.com. Mən hər şeyi bilirəm. Məni çaşdırmayın. Sosial şəbəkələrdə mənim profilim var və orada öz fikrimi bildirirəm”.

Saytdakı hansı məqalələrin onu həyəcanlandırması ilə bağlı sualın cavabında şahid deyib ki, onu Gəncə və Mingəçevir hadisələri ilə bağlı məqalələr qorxudub. Lakin o, məqalələrin adlarını açıqlaya bilməyib və deyib ki, məqalələrdə iğtişaşlara və mitinqlərə çağırışlar yer alıb.

A.Məmmədova həmçinin bildirib ki, məqalələr saytda “Müsavat Partiyası” adlı rubrikada dərc edilib. Bu vaxt hakim şahidə müraciət edərək suallara konkret cavab verməyə, şərh verməməyə çağırıb. A.Məmmədova deyib: “Mən niyə danışmamalıyam? Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar. Kimə lazımdır bu mitinqlər?” Hakim yenidən onun sözünü kəsərək mahiyyəti üzrə danışmağa çağırıb.

Sonra M.Hacıbəyli şahidə sual verib ki, işsiz olduğu üçün necə yaşayır? Şahid deyib ki, bir neçə mağazada mühasib çalışır. Hakim Hüseynov sual verib ki, əməkhaqqı alırmı, vergi ödəyirmi? A.Məmmədova müsbət cavab verib.

Onun prokurorluqda neçə dəfə olması ilə bağlı M.Hacıbəylinin sualına cavab olaraq şahid bir daha bildirib ki, orada iyulun 17-də axşam olub.

M.Hacıbəyli cavab verib ki, iş materiallarında göstərilib ki, şahid Bakı Şəhər Prokurorluğunda iki dəfə olub – 17 iyul və 23 iyul və iş üzrə ifadə verib.

Bununla şahid dindirməsi başa çatıb və hakim Səbuhi Hüseynov növbəti prosesi fevralın 12-nə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun