Ermənistanın baş naziri Qarabağ erməniləriylə azərbaycanlılar arasında bir fərqin olduğunu bildirir. O deyir ki, Qarabağlıların öz talelərini təyin etmək işində həlledici rol oynaması son dərəcə vacibdir.
Belə ki, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda əsas tərəf kimi Ermənistan yox "Dağlıq Qarabağ Respublikası" iştirak etməlidir.
"İş orasındadır ki, Qarabağın azərbaycanlı icması bütün bu müddət ərzində danışıqlar prossesində iştirak edib, onlar Azərbaycanda prezident və parlament seçkilərində iştirak edirlər, Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, buna müvafiq olaraq onlar öz nümayəndələrini yəni prezident və deputatlarını seçiblər, onların təmsilçiləri var.
Bizdə isə vəziyyət fərqlidir bizim hakimiyyətin Qarabağ erməniləri adından çıxış etməyə haqqı yoxdur, çünki Qarabağ xalqı Ermənistanda seçkilərdə iştirak etməyib. Onların öz hökümətləri var, öz parlamentləri var və danışıqlarda iştirak edən öz nümayəndələri var.
Mən Qarabağ ermənilərinin nümayəndələrinin danışıqlara cəlb edilməsini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prossesinə ciddi irəliləyiş gətirəcəyinə inanıram. Biz bu məsələni beynəlxalq tərəfdaşlarımızla müzakirə edəcəyik" - deyə baş nazir bildirib.
Paşinyanın tənqidçiləri isə onun bu qərarının Ermənistanın danışıqlardan çıxıb tanınmamış "Dağlıq Qarabağ Respublikasını" Azərbaycanla təkbətək buraxmağa aparıb çıxaracağını düşünür.
Paşinyanı tez-tez tənqid edən erməni Daşnaksyutun partiyasının üzvü, siyasətçi Kiro Manoyan isə gərginliyin azaldığını deyir:
"Doğrudur Azərbaycan Ermənistanla kontaktlar quraraq cəbhə xəttində gərginliyi azaldıb, bununla da danışıqlar olmasa belə ilkin ünsiyyəti qurmağa çalışır. Amma biz bilmirik ki, Azərbaycan Qarabağ ermənilərinin də danışıqlar masasına gəlməsini istəyir, ya yox".
Manoyan hesab edir ki, Ermənistan Qarabağ ermənilərini danışıq masasında Azərbaycanla baş-başa buraxmaqdansa, Qarabağla hərbi-siyasi saziş bağlayıb onun adından çıxış etməlidir.
"Belə bir sazişin gərəkdiyi haqda biz artıq 10-12 ildir ki, danışırıq. İndi bu sazişi bağlamaq hər zaman olduğundan daha mühümdür. Əgər Ermənistan "Dağlıq Qarabağın" adından danışıqlarda iştirak edə bilmirsə, bunun üçün qanun qəbul edilməlidir" - deyə Manoyan əlavə edib.