Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlər üzrə müşavirə keçirib. Müşavirədə az sayda vəzifəli şəxs - maliyyə-iqtisadiyyat nazirləri, Mərkəzi Bankın rəhbəri, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, Neft Fondunun icraçı direktoru, əmək naziri iştirak ediblər.
Maraqlıdır ki, baş nazir və müavinləri iclasda iştirak etməyiblər. Müşavirədə müzakirə olunan məsələlərlə bağlı Azərtac məlumat yayıb.
Dövlət başçısı bildirib ki, bu il hökumət minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırıb - 38 faiz.
"Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın".
İlham Əliyev bildirib ki, bu il minimum pensiyalarla bağlı da çox ciddi qərar qəbul edilib:
"Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil".
Prezident habelə çıxışında deyib ki, manatın məzənnəsi bir ildən çoxdur sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir.
Dövlət başçısı əlavə edib ki, artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır:
"Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq".
"Böyük sosial paket hazırlanır"
İlham Əliyev deyib, bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Onun sözlərinə görə, minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bu "böyük sosial paketin" tərkib hissəsidir.
"Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq", prezident vəd verib.
Onun sözlərinə görə, bu proqram 500 mindən çox adamı əhatə edəcək. "Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq", İlham Əliyev əlavə edib.
Vətəndaşı narahat edən əsas məsələlərdən biri
Prezident vurğulayıb ki, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.
Prezident deyib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır:
"Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır".
Müzakirə, təkliflər paketi, son mərhələ, sadə olmayan məsələ
Onun sözlərinə görə, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir.
"Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil".
İlham Əliyev daha sonra da həmin məsələ ilə bağlı əlavə edib ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır.
"Maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır"
"Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək".
Ölkə başçısı bildirib ki, oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq onlar icra edilməyib.
Onun sözlərinə görə, burada xoş niyyətin olması əsas şərt deyil. Vacib olan düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir.
"Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".