REAL Partiyası üç təşəbbüs üzrə iki qanun layihəsi hazırlayıb və yaxın günlərdə qanun layihələrini Milli Məclisə təqdim edəcək.
REAL Partiyasının sədri İlqar Məmmədov bunu fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirib. Onun deməsinə görə, qanunvericilik təşəbbüsü ilə çıxış etməkdən ötrü lazım olam imzalar da toplanıb.
O deyib ki, ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranan problemli kreditlərin həlli və təhsilin pulsuz olması ilə bağlı təkliflər bir qanun layihəsi şəklində hazırlanıb. Bakı şəhər başçısının seçkilər vasitəsilə seçilməsinə dair qanun layihəsi isə ayrıca hazırlanıb:
"Konstitusiyaya görə, bunun üçün 40 min imza toplanması tələb edilir. REAL isə 2018-ci il noyabrın sonlarından üç ay ərzində davam edən imzatoplama kampaniyasında 41min 658 imza toplayıb və yaxın günlərdə imzalar qanun layihələri ilə birgə Mili Məclisə təqdim olunacaq"
REAL sədri deyib ki, problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görürlər. Onun fikrincə, buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.
Partiya sədri hesab edir ki, əhalinin indiki yaşayış səviyyəsində ali məktəblərdə təhsilin pullu olması düzgün deyil.
Bakı meri seçkilərinə gəlincə, REAL sədri əlavə edib ki, bu, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biridir:
"İndi söz Milli Məclisindir, biz imzaları və qanun layihələrini yaxın günlərdə Milli Məclisə təqdim edəcəyik. Yaxın iki ay ərzində bizə ya müsbət və ya mənfi cavab verməlidir".