REAL Partiyasının İdarə Heyətinin iclasında “40 min imza” kampaniyasının fevralın 24-də başa çatdırılacağı bildirilib.
Abzas xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb. Məlumatda deyilir ki, Respublikaçı Alternativ (REAL) Partiyası fevralın 24-də qanun layihələrini Milli Məclisə təqdim edəcək.
Partiya qanun layihələrinin parlamentdə müzakirəsini təşkil etmək üçün kampaniya başlatmışdı.
Qanun layihələrində kredit ödənişləri ilə bağlı vətəndaşlara, banklara və müəssisələrə devalvasiya nəticəsində vurulmuş zərərin ödənilməsini, ali təhsil üçün ödənişlərin yaxın illər ərzində tamamilə dövlət tərəfindən həyata keçirilməsini və Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutulur.
"Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində partiyanın Hüquq və Seçki Katibi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə göndəriləcək", - mətbuat xidmətinin açıqlamasında deyilir.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
REAL Partiyası seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrında başlayıb.