Bu gün, fevralın 26-da Bakıda Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən anım mərasimində Müsavat Partiyası rəhbərliyinə və fəallara problem yaradıldığı bildirilir.
Partiyadan verilən məlumata görə, Xocalı faciəsinin rəmzi sayılan "Ana harayı" abidəsi önünə gül dəstələri qoymaq istəsələr də, buna imkan verilməyib.
Onların vurğulamasına görə, polislər deyib ki, gül dəstələri abidədən xeyli aralıda qoyulmalıdır və partiya başqanı Arif Hacılı buna etirazını ifadə edib.
"Abidə, heykəl burda yox, ordadır. Odur ki, gülü də ora qoymalıyıq. Niyə ziyarət etməyə imkan vermirsiniz? Bunda məqsəd nədir? Gedin rəisinizə də deyin ki, problem yaratmasın. Biz gül dəstəsi qoyub, ziyarət edib gedirik", - A.Hacılı hadisə yerində danışıb.
[caption id="attachment_74935" align="alignleft" width="720"] "Ana fəryadı" heykəlini ziyarət edərkən polis tərəfindən zorakılığa məruz qalan Musavat mətbuat katibliyinin işçisi Mehman Kərimli.[/caption]Bundan sonra partiya fəalları ilə polislər arasında gərginlik yaşandığı, fəallardan M.Kərimovun xəsarət aldığı bildirilir. Verilən məlumata görə, o, huşunu itirib, əraziyə təcili yadım çağrılıb.
"Bu biabırçılıqdır, bizi abidəyə yaxınlaşmağa qoymadılar, polis zabiti bildirdi ki, bura sərhəd qoyulub. Mən də dedim ki, bir saxta sərhədi Ermənistan Qarabağda qoyub azərbaycanlıları ora buraxmır, bir saxta sərhəd də siz burada yaradıb abidəni ziyarət etməyə qoymursunuz", - Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.
"Belə problemi 20 yanvarda Şəhidlər xiyabanının ziyarəti zamanı da Milli Şuraya yaradılıb. İndi də burada yaradırlar. Bu, Xocalı faciəsini xalqa unutdurmaq cəhdidir", - deyə A.Hacılı əlavə edib.
Daha sonra gərginlik aradan qalxıb və müsavatçılar ziyarətlərini başa vurublar.