Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-da Vyanada görüşüblər. Görüşün vasitəçisi olan ATƏT-in Minsk qrupunun həmsdərləri iki liderin görüşünün ardından verdikləri
açıqlamada bildiriblər ki, Əliyevla Paşinyan birbaşa ünsiyyət mexanizmini daha da inkişaf etdirmək niyyətindədilər.
Danışıqlar ümumən üç saat yarım davam edib. Həm dövlət başçıları, həm də iki ölkə Xarici İşlər Nazirləri danışıqlar aparıblar. Həmçinin, ATƏT-in Minsk qrupunun təmsilçisi Anjey Kaspirşik də danışıqlarda iştirak edib. Danışıqların sonunda mətbuat üçün açıqlama verilməyib.
ATƏT-in Minsk qrupunun həmsədlərinin açıqlamasına görə görüş pozitiv və konstruktiv şəraitdə keçirilib. Liderlər öz mövqelərini dəqiqləşdiriblər. Onlar Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi ediblər, həmçinin sülh və dialoq mühiti üçün əlverişli şəraitin yaradılmasının önəmindən bəhs ediblər. Bunun üçün də onlar konkret və hiss olunan addımlar atmağın gərəkdiyini qeyd ediblər.
Paşinyan və Əliyev bundan öncəki Düşənbə görüşünü yada salaraq atəşkəs rejimini möhkəmləndirmək və birbaşa ünsiyyəti təkmilləşdirməyə hazır olduqlarını dilə gətiriblər. Humanitar addımlar atmaqla bağlı razılıq əldə olunub.
Paşinyan və Əliyev XİN rəhbərlərinə həmsədrlərlə tezliklə görüşmək barədə göstəriş veriblər. Onlar həmçinin birbaşa dialoqu qoruyub saxlamaqla bağlı razılaşıblar.