"5-6 mart tarixində Moskvada Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olub".
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşdə deyib.
Nazir bildirib ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırılıb.
Bununla bağlı vurğulanıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.
Görüş zamanı tərəflər həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıblar.