2 Mart 2019
Mətni dəyiş
“Məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib”.
Bu sözləri prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib.
Prezident müxtəlif sahələrdə aparılan islahatlardan danışıb və 2019-cu ilin əvvəlki illərdən fərqli olacağını vurğulayıb. Onun sözlərinə görə, bu islahatların anonsu hələ ötən il prezident seçkilərindən sonra verilib.
“İqtisadi sahədə apardığımız islahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır”.
İlham Əliyev deyir ki, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. O, təhsil və səhiyyə sahəsindəki islahatlardan danışıb. Bildirib ki, islahatlar sayəsində müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb, maddi-texniki bazanın möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi böyük dəyişikliklərə gətirib çıxarıb.
Ölkənin gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyini diqqətə çatdıran Prezidentin sözlərinə görə, bir neçə şəhərdə icra edilən pilot layihələr müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir:
“Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək”.
İlham Əliyev çıxışında şəhərsalma sahəsinə də toxunub. Deyib, Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun.
“Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik,”- İlham Əliyev vurğulayıb.
Mədəniyyət sahəsində görülən işlərdən danışan ölkə başçısı teatr binalarının təmirini, rayonlarda yaradılan teatrları, İncəsənət Muzeyinin iki binasının təmirini və Xalça Muzeyinin tikilməsini inkişafın göstəricisi kimi vurğulayıb.