Ötən ilin ikinci yarısı və xüsusilə də bu ilin başlanğıcı, siyasət sahəsində atılan bır sıra addımlarla keçməkdədir ki, bunlar da rəsmilər tərəfindən ölkədə vəd edilən islahatların başlanğıcı kimi təqdim olunur.
Həqiqətən də bir sıra qərarlar, yeni sərəncam və bəzi siyasi addımlar göz qabağındadır. Onlar nə yerli, nə də xarici müşahidəçilərin diqqətindən yayına bilməzdi.
Əslində dəyişiklər ləngiyib və onları hələ 2012-ci ildə - neft hasilatı azalmağa başlayandan bəri gözləyirdilər. Ekspertlər hesab edir ki, Azərbaycan post-neft dövrünə daxil olub və bu, ölkə rəhbərini iqtisadiyyatın enerji ixracından asılılığını azaltmaq üçün ciddi addımlar atmağa çoxdan vadar etməli idi.
Bəs görəsən bu niyə indi baş verir və atılan addımlar ölkə iqtisadiyyatını kökündən dəyişdirmək, dövlətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün yetərli qədər davamlı və dərin olacaqmı?
Nə edilib?
Prezidentin fərmanı ilə bir sıra dövlət qurumları ləğv olunub və ya birləşdirilib. Bununla yanaşı bəzi yeni idarələr təsis olunub.
Bundan əvvəl bir neçə oliqarx nazir ya vəzifədən azad olunub, ya da nəzarət etdiyi sahələrin əhəmiyyətli hissəsindən məhrum edilib.
Prezidentin bu yaxınlarda imzaladığı son fərmanlar kiçik və orta sahibkarlığın inkişafı, gəlirlərin qanuniləşdirilməsi, minimum əmək haqqının artırılması, sosial təminat, kredit və başqa bənzər məsələlərin həllinə yönələn tədbirləri nəzərdə tutur.
İlham Əliyev ictimaiyyət üzvləri ilə bir başa ünsiyyətə girib və yerli mediaya müsahibə verib.
Hətta siyasət sahəsində bəzi addımlar atılıb - iki siyasi məhbus azad olunub. Həmçinin bu yaxınlarda saxlanılan şəxslərə verilən həbslər qısa müddətli olub.
Niyə edilib?
Neftlə zəngin Azərbaycan, iqtisadiyyatının xammal ehtiyatlarından yüksək səviyyədə asılı olması, monopoliyalar, mərkəzləşmiş siyasi sistemlə xarakterizə olunur. Azərbaycan, keçmiş sovet ölkələri arasında ən geniş kölgə iqtisadiyyatına sahibdir.
Qlobal neft qiymətləri sayəsində mümkün olan güclü iqtisadi artıma rəğmən, ölkənin sosial göstəriciləri başqa sahələrə nisbətdə əhəmiyyətli şəkildə geridə qalır.
Buna görə də hökumət himayədarlığı "qidalandırmaqla" sabitliyi təmin edən və siyasi əlaqələri əvəzləyən bir sistem yaradıb.
Hərçənd, yüksək neft qiymətləri dövründə sabitliyin qarantı sayılan bu sistem hasılatın ixtisarı və xammalın qiymətdən düşməsi şəraitində öz əhəmiyyətini itirmiş oldu.
Zəif işləyən dövlət institutları ucbatından yığılıb qalan həll olunmamış sosial problemlər etiraz aksiyalarının sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb oldu.
Narazılıq, şəhid ailələrinin etirazından tutmuş bloqçu və jurnalist Mehman Hüseynova dəstək olaraq keçirilən unikal aclıq aksiyasından sonra onu azad etmək tələbiylə çox minlərlə insanın qatıldığı etiraz aksiyaları ilə nəticələndi.
Ancaq dəyişiklərin arxasında yalnız bu amillər durmurdu.
Neft gəlirlərinin xaricdə əliaçıqlıqla xərclənməsi göstərir ki, siyasi legitimliyin xarici mənbələrinin əhəmiyyəti, daxili mənbələrinkindən az deyil.
Yəni, regional və beynəlxalq faktorlar da Azərbaycandakı dəyişiklərdə rol oynadı.
Regiondakı vəziyyət - Ermənistanda məxməri inqilab Azərbaycanın lap qapısının ağzında baş verib, bir neçə regional qüvvə isə sanksiyalar altındadır, bu isə güc mərkəzləri arasında adət edilən diplomatik manevrlər oyunu məkanını daraldır - dəyişiklər üçün təzyiqi artıran amildir.
Daha mühüm olan isə budur ki, Qərbin enerji təhlükəsizliyi təminatçısı rolu Azərbaycana nə tənqid, nə də mümkün cəzalara qarşı avtomatik immunitet hüququnu vermir.
Azərbaycanın adının hallandığı beynəlxalq korrupsiya qalmaqalları göstərir ki, hazırkı siyasət ölkənin nüfuzuna zərbə vuran ziyanın qarşısını almaq iqtidarında deyil.
Getdikcə legitimliyin daxili mənbələrinə daha çox əhəmiyyət verilir. Bu, xarici lobbiçiliyin uğursuzluğu, ölkənin adına gələn xələl və energetika mənzərəsinin dəyişməsilə izah oluna bilər.
Avropa Şurasında qalmaqaldan sonra beynəlxalq media, konqresmenlərin səfərlərinin SOCAR tərəfindən maliyyələşdirilməsi, Əliyevin oğlunun əmlakı və başqa oliqarxlar barədə xəbərlər yayıb.
Dövlətin reputasiyasına dəyən xələl öz növbəsində Azərbaycan rəhbərliyi üçün xüsusi əhəmiyyət kəsb edən Qarabağ danışıqlarında ölkənin mövqelərini zəiflədir.
Həqiqi islahatlara nə mane olur?
İslahatların keçirilməsinə ən ciddi məhdudiyyət yaradan amillərdən biri də dövlətin imkanları məsələsidir.
İslahatların mümkün nəticələri ilə bağlı gözləntilər, habelə başlanandan sonra çətin nəzarət edilə biləcək proseslər daha bir məhdudiyyət təşkil edir.
Post-sovet məkanının avtokratik liderləri artıq xeyli vaxtdır ki, bəhanə kimi istifadə edilən islahatlar tələbindən bəhrələnməyi yaxşıca öyrəniblər.
Azərbaycanla qonşu Ermənistan və Gürcüstanda mərkəzsizləşmə yolu ilə siyasi hakimiyyətin təməli dəyişib.
Konstitusiya islahatları nəticəsində hər iki ölkədə mövcud olan prezident üsul-idarəsi parlament idarəçilik sistemilə əvəz edilib.
Azərbaycanda isə dəyişiklər daha çox prezident və onun ailəsinin hakimiyyət inhisarının gücləndirilməsinə yönəlib.
Davam edən proses bəzi oliqarxların kənarlaşdırılması ilə müşayiət olunur.
Yerli mediaya müsahibəsində gələcək planlarını izah edən prezident Əliyev müxtəlif hakimiyyət qollarının inkişafı və dövlət qurumlarının rolunu artırmaq əvəzinə bilavasitə cəmiyyətlə əlaqələrin əhəmiyyətindən bəhs edib.
Bu baxış daha çox şəxsi siyasi modeli əks etdirir, bu model isə hətta ənənəvi idarəçilik sisteminə malik Yaxın Şərq dövlətlərində effektiv olmadığını təsdiqləyib, o ki qaldı, müasirləşmə tarixi olan və qlobal dünya ilə üzləşən Azərbaycan kimi ölkələrdə.
Bəzi dövlət qurumlarına yeni təyin edilmiş texnokratlar daha təkmil idarəçiliyin zəmanətçiləri sayıla bilməz. Çünki institutların effektiv fəaliyyəti şəffaflıq və güclü nəzarət sistemi xaricində mümkün deyil.
Bunun üçün bütün cəmiyyət səy göstərməlidir və bu proses müəyyən iqtisadi və siyasi hadisələr bahasına başa gəlir.
Beləliklə, ciddi islahatlar siyasi himayədarlıq modelinin ləğvini və onun yerində siyasi plüralizm, ədalətli iqtisadi rəqabətə əsaslanan yeni sistemin qurulmasını tələb edir.
Korrupsiyanı aşkara çıxaran Əfqan Muxtarlı və Xədicə İsmayilova kimi jurnalist və fəallarla əməkdaşlıq əvəzinə həbs və ya səyahət qadağasının tətbiqi korrupsiya ilə mübarizəyə qarşı hökumətin rəsmən elan etdiyi beynəlxalq öhdəliklərinə ziddir.
Vətəndaş cəmiyyətilə bağlı problemlər də həll olunmamış qalır.
Nə etsə yaxşı olar?
REAL TV-ə verdiyi müsahibəsində prezident, islahatların sistematik olduğunu deyərək edilən işləri sadalasa da, hələ edilməyən işlərin uzun siyahısı dəyişiklərin mahiyyəti barədə şübhələrə yaradır.
Artıq xarici amillər deyil, ölkə daxilindəki faktorlardan danışmaq onların əhəmiyyətinin tanınmasının müsbət əlamətidir, ancaq ən mühüm əngəl - qərarvermə prosesinin təbiəti də islahatlara ciddi ehtiyacı olan sahədir.
Burada müxtəlif ssenarilər mümkündür.
Bunlar isə, bir tərəfdən təhlükələrin rəhbərlik tərəfindən necə qavranması və onları həll etmək imkanları olunmasından, digər tərəfdən isə "aşağıdan" gələn sosial etirazların təzyiqindən asılıdır.
Ən uğurlu islahatlar ssenarisi maaşların artırılması, ictimai xidmətlərin yükünü ASAN-a həvalə etmək əvəzinə nazirlik, rəsmi və qeyri-rəsmi qurumların cavabdehliyini və şəffaflığın artırılması olardı.
Bunun üçün isə bütün qüvvələrin təmsil olunduğu effektiv qanunverici orqan, azad media, müstəqil ədliyyə sistemi və güclü vətəndaş cəmiyyətinə ehtiyac var.
Belə bir ssenari sosial partlayışdan yayınmaqla, effektiv idarəçilik sisteminə tədricən keçidi təmin etmək üçün rahat şərait yarada bilər.
Bu isə öz növbəsində seçki sistemində mühüm inkişaf tələb edir.
Ən pis ssenari diversifikasiya adı ilə islahatlardan gücün daha da monopolizasiya edilməsi üçün istifadə edilməsi və azad ifadə hüququnun, siyasi plüralizmin, aktivizmin və opponentlərin təqibi ilə müşayiət oluna bilər.
Bu isə, regional və beynəlxalq vəziyyətin dəyişməsi, qloballaşma nəzərə alınarsa, gərginliyin kəskinləşməsi, etirazlar və son nəticədə münaqişə ilə nəticələnə bilər.
Durğunluq ssenarisi - islahatlar, resursların büdcə siyasəti çərçivəsində yenidən paylaşılması ilə məhdudlaşacaq, taktiki xarakter yumşalacaq , ancaq idarəetmə sisteminin mahiyyəti dəyişməyəcək.
Müstəqil ədliyyə sistemi, qanunun aliliyi və iqtisadi azadlıqlar təmin olunmasa, vergi yükünün azaldılması, kiçik və orta biznesin inkişafına yönələn qərarlar yalnız kağız üzərində qala bilər.
Gəlir və siyasi amillər baxımından hakim zümrə ilə adi insanlar arasında uçurum və islahatların imitasiyası riskinə görə mövcud problemlərin sayı nəinki azala, əksinə arta bilər.
Bu, gələcək sabitliyi sual altına alır.
Bütün bunlarla yanaşı, islahatların nə qədər uzağa gedəcəyi barədə ən həlledici faktor İlham Əliyevin islahatlar nəticəsində əmələ gəlməsi labüd iqtisadi və siyasi oyunçular, maraq və ehtiyaclar, institutlar və güc mərkəzlərilə necə davranmaq qabiliyyətidən asılı olacaq.
Bu isə hər zaman, istənilən avtokratik liderlik stilinin ən zəif tərəfi olmuşdur.