Nəvbəti həftəyə müxalifət qüvvələri - Demokratik Qüvvələrin Milli Şurası və Müsavat mitinqlə bağlı qərar verib.
Bu barədə Milli Şuranın rəhbəri Cəmil Həsənli məlumat verib. Onun sözlərinə görə, aksiya aprelin 6-na təyin edilib:
"Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması və hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsindən ibarətdir".
Müsavat Partiyası isə aprel ayının 7-də mitinq təyin edib. Müsavat başqanının müavini Fərəc Kərimli bildirib ki, Müsavat Partiyası ötən həftə 7 aprel saat 15:00 da yürüş- mitinq keçirilməsi ilə əlaqədar qərar qəbul edib:
"Azərbaycanda azad toplaşma hüququnun, ardınca bütün hüquqlarımızın bərpası uğrunda mübarizəmiz sonadək davam edəcək", deyə partiya funksioneri bildirib.
Onun sözlərinə görə, Müsavat Partiyası mitinqlə bağlı 3 marşrut göstərib.
"Metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək yürüş və mitinq, metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və mitinq, metronun “Gənclik” stansiyasının çıxışı - Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq".