Müsavatın yürüş-mitinqinə icazə verilmədi

Müsavatın yürüş-mitinqinə icazə verilmədi
5 Mart 2019
Mətni dəyiş

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi yürüş-mitinqə razılıq verməyib.

Bu barədə Müsavat başqanı Arif Hacılı məlumat yayıb. Açıqlamada bildirilir ki, hakimiyyət Müsavatın yürüş-mitinq müraciətinə "yox" deyib:

"Biz şəhərin mərkəzindən uzaq, həm də bir- neçə məkan göstərməklə hakimiyyətin bəhanəsi kəsmək istədik. Yenə olmadı. Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və əsasdır".

Arif Hacılının sözlərinə görə, yürüş üçün müraciət etdikləri küçələr (Həsən bəy Zərdabi, S.S. Axundov) Bakının mərkəzi küçələri, Dərnəgül metrostansiyası yanındakı meydan və Məhsul stadionu şəhərin mərkəzi meydanları deyil:

"Ümumiyyətlə isə sərbəst toplaşma azadlığı həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına görə başqa hüquqların (istirahət hüququ, nəqliyyatın sıx olduğu küçə) pozulması bəhanəsi ilə məhdudlaşdırıla bilməz.  Sərbəst Toplaşma Azadlığı söz və ifadə, seçmək və seçilmək azadlıqları kimi prioritet insan haqlarına aiddir".

Müsavat başqanı əlavə edib ki, sərbəst toplaşma azadlığı və digər azadlıqlar uğrunda mübarizələri sonadək davam edəcək.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı. Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun