Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.
Bu barədə müdafiə nazirliyi martın 13-də məlumat yayıb. Bildirilir ki, Nəcməddin Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.
Məlumata görə, iclasda qurum daxilində əməkdaşlıq məsələlərinin nəzərdən keçiriləcəyi gözlənir.
MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.
Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.
Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.