Ermənistan mətbuatı Ermənistan və Dağlıq Qarabağ Təhlükəsizlik şuralarının bugünkü birgə iclasının təfərrüatları, Nikol Paşinyanın çıxışı ilə bağlı yazıların dərcini davam etdirir.
Ermənistan baş naziri çərşənbə axşamı Ermənistan və Qarabağ Təhlükəsizlik şuralarının birgə iclasında məsuliyyət yükünü öz üzərindən atmaq istəməsi və Qarabağ xalqını təmsil edə bilməməsi barədə fikirlərə də münasibət. Paşinyan bu kimi fikirləri cəfəng adlandırıb.
"Hər hansı spekulyasiyaya yol verilməməsi üçün bunu bəyan etməyi vacib sayıram: Ermənistan Respublikası olub, var və Qarabağın təhlükəsizliyi üçün bir nömrəli qarant olacaq və dinc prosesdə öz iştirakını davam etdirəcək".
Sonra Paşinyan bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesində əsas kimi təklif etdikləri 3 prinsip və 6 elementi Ermənistanın qəbul etməsilə bağlı sualı cavablandırmağı vacib sayır.
"Bu, həqiqətən vacib məsələdir və bizim açıqlamalara ehtiyacımız var: bu prinsiplər praktikada nə deməkdir, onları şərh etməyə kimin hüququ var? Bu, vacibdir, çünki bu prinsipləri Azərbaycan təfsir edir, bizim üçün qəbuledilməzdir. Əlbəttə, biz bu prinsiplərlə bağlı öz şərhlərimizlə çıxış edə bilərik, ancaq bu, faydasızdır, çünki bizim məqsədimiz mübahisə deyil, effektli danışıqlar prosesidir.
Danışıqlar prosesinə fikir ayrılığına səbəb olmayan bəyanatlar əsas olmalıdır. Lakin həmsədrlərin təklif etdikləri prinsiplər, elementlər son 10 ildə ən müxtəlif şəkildə təfsir edilib. Odur ki, yaxın danışıqlar prosesində əsas məqsəd 3 prinsip və 6 elementin açıqlanması olmalıdır. Biz belə söhbətə hazırıq".
Rəsmi Bakı və ATƏT-in Minsk Qrupunun timsalında beynəlxalq vasitəçilər hələlik N.Paşinyanın bu qarmaqarışıq bəyanatını şərh etməyiblər. Lakin onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Ermənistan Azərbaycanla danışıqları davam etdirəcək.
Dərc edilmiş fikirlərdən başqa Paşinyan onu da bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında iştirak etməlidir. Onun sözlərinə görə, xalqların sülhə hazırlanması danışıqlara cəlb edilmiş hökumətlərdən birinin məsələsi ola bilməz, bu, birgə işdir.
"Mən onu nəzərdə tuturam ki, məsələn, Azərbaycan ictimaiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyəti ilə yox, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə həyata keçirilməlidir", - baş nazir bildirib.
Onun sözlərinə görə, məhz bunun dərk edilməsi onu 2018-ci ilin payızında Ermənistan Milli Məclisində görünməmiş bəyanatla çıxış etməyə məcbur edib və o bildirib ki, münaqişənin həlli həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır.
"Təəssüf ki, Azərbaycan prezidenti tərəfindən bunun kimi bəyanatlar görmürük. Baxmayaraq ki, mən dialoqu təkcə prezident ilə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da erməni xalqı, Arsax xalqı qədər sülhpərvərdir".
Qarabağın danışıqlar prosesində iştirakına toxunan N.Paşinyan deyib ki, "bu, Azərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələr zamanı mühüm məsələlərdən biri olub və qalır"