5 Aprel 2019
Mətni dəyiş
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Ermənistan vətəndaşlarının suallarını cavablandırmalı olub. Belə ki, sözügedən şəxslər həmin təyyarədə Brüsseldən Moskvaya uçurmuşlar. Söhbətin təşəbbüsçüsü ermənilər olub. Onlar azərbaycanlı naziri tanıyıblar. Söhbətin videoyazısı erməni sərnişinlər tərəfindən çəkilib.
E.Məmmədyarov ermənilərin suallarına cavab verib, rus və ingilis dillərində danışıb. Nazir Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı Azərbaycanın rəsmi mövqeyini özlərini ermənistanlı jurnalistlər kimi təqdim edən sərnişinlərin diqqətinə çatdırıb.
O, Qarabağda sülhün olmamasının səbəblərini açıqlayıb. "Armenpress"in keçmiş müxbirindən Ermənistan vətəndaşlarının Azərbaycan torpağında hərbi xidmətinin səbəblərini soruşub. Erməninin "Arsax erməni torpağıdır" deməsinə gülümsəyərək cavab verib ki, Qarabağın Azərbaycana aid olması onun adından da görünür və sərnişin qadına həyəcanlanmamağı məsləhət görüb. Sonra onun xahişilə "Qara bağ" sözünü rus dilinə çevirib: "Çernıy sad".
Nazir özünü sərbəst aparıb, yaxşı əhval-ruhiyyədə, sadə geyimdə pencəksiz, boğazlı sviterdə olub.
Stüardessanın sərnişinlərdən söhbəti kəsərək öz yerlərində oturmağı tələb etməsilə nazir E.Məmmədyarov ilə Ermənistan vətəndaşlarının söhbəti bitib.
[embed]https://www.youtube.com/watch?v=VEc-cp3BNRo[/embed]