2 Aprel 2019
Mətni dəyiş
Britaniya millət vəkilləri aprelin 1-də Avropa İttifaqını tərk etmək barədə qoyulmuş bütün variantları rədd ediblər.
Britaniya parlamentində baş nazir Theresa May-ın Breksit planına alternativ dörd variant səsə qoyulmuşdu.
Xanım May-in Brexit planı parlamentdə üç dəfə rədd edildikdən sonra millət vəkilləri alternativ variantlar üzrə “müəyyənedici səsvermə” keçirirdilər.
Bu artıq alternativ variantların Britaniya parlamentində keçirilən ikici dövrə səsverməsi idi. Birinci müəyyənedici səsvermə zamanı da bütün variantlar rədd edilmişdi.
Aprelin 1-də millət vəkilləri 4 mümkün variantın dördünü də rədd ediblər. Hərçənd bu dəfə səs fərqi çox cüzi olub.
Sözü gedən variantlar bunlar idi:
1. İstənilən Brexit sazişinin bir hissəsi kimi Britaniyanın Avropa İttifaqı ilə vahid gömrük ittifaqında qalması
2. Avropa Azad Ticarət Assosiasiyasına (European Free Trade Association - EFTA) üzvlük və Avropa İqtisadi Zonasında (European Economic Area - EEA) qalmaq
3. Breksit barədə istənilən sazişin parlament səsverməsindən əvvəl ümumxalq referendumuna çıxarılması
4. Britaniyanın Avropa İttifaqından sazişsiz çıxışını, Breksiti tamamilə rədd etmək də daxil əngəlləyən tədbirlərin görülməsi
Bu dörd variantdan ən kiçik fərqlə (cəmi üç səslə) rədd ediləni Britaniyanın Avropa gömrük ittifaqında qalması idi.
Bu variantın tənqidçiləri bildirirlər ki, bu şərtlərlə Avropa İttifaqından çıxmaq əslində çıxmamaq deməkdir, çünki bu halda London Brüsselin qayda və təlimatlarına əməl etməli olacaq.
Avropa İttifaqı ilə vahid bazarda qalmaq variantını təklif edən mühafizəkar Nick Boles səsvermədən dərhal sonra partiyasını tərk etdiyini bəyan edib.
Xanım May və hökumət parlamentdə aprelin 1-də keçirilən səsvermələrə müdaxilə etmirdi.
Son xəbərlərə görə Theresa May aprelin 2-də öz kabinetinin təcili iclasını keçirəcək.
Müxbirlər bildirirlər ki, Britaniyanın Avropa İttifaqından sazişsiz çıxışı ağlabatan görünmür, lakin bundan necə yan keçiləcəyi də bəlli deyil.
Əgər xanım May-in saziş təklifi parlamentdən keçmiş olsaydı, Britaniya Avropa İttifaqından mayın 22-dək çıxmalı idi.
Lakin bu variant alınmadığından erkən parlamennt seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Bu halda isə Avropa İttifaqı Britaniyaya çıxış üçün daha uzun müddət verməli olacaq.
Avropa İttifaqı bildirib ki, növbəti vaxt uzadılması, yalnız Britaniyanın Avropa Parlamenti seçkilərində iştirakı təqdirində mümkün ola bilər.
Baş nazir bu varianta getməyəcəyini deyib.
Necə olursa olsun, indi Avropa İttifaqı böyük bir ehtimalla aprelin 10-da sammitə toplanmalı olacaq.