Bu gün, aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başa tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Danışıqların yekunu olaraq birgə bəyanatın yayılacağı gözlənir.
Nazirlikdən verilən məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edir.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər.
Bundan öncə, bu il martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada (Avstriya) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşmüşdülər.
Görüşdə Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan da iştirak etmişdi. Həmin görüşdən sonra xarici işlər nazirlərinin görüşüb danışıqları davam etdirəcəkləri gözlənirdi.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Bölgədə hərbi münaqişələr baş verib. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.
Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.