"Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına meyllidir".
Bu sözləri Ermənistanım baş naziri Nikol Paşinyam cümə axşamı Strasburqda AŞPA sessiyasındakı çıxışında deyib.
Turan-ın məlumatına görə, azərbaycanlı deputat Ülviyyə Ağayevanın "niyə Ermənistan münaqişənin həlli və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmir" sualının cavabında Paşinyan deyib ki, nizamlanma üçün iki ölkə ictimaiyyəti arasında dialoqun olması vacibdir.
"Bizimlə Azərbaycan prezidenti arasında konstruktiv və müsbət dialoq yaranıb, bu, çox vacibdir, ancaq yetərli deyil. Təəssüf ki, problemun həllilə bağlı ümumi baxış yoxdur, lakin sülhə hazırlanmaq üçün cəmiyyətlər arasında dialoqa başlamaq vacibdir", - o bildirib.
İstənilən halda nizamlanma Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. "Təəssüf ki, Azərbaycandan eyni şeyi eşitmirik", - Paşinyan deyib.
"Mən Azərbaycan xalqına və ictimaiyyətinə birbaşa müraciət etməyə hazıram və bunu etmək istərdim, ancaq bu, qarşılıqlı olmalıdır ki, təxribat kimi görünməsin", - Paşinyan vurğulayıb və Azərbaycan rəhbərliyinin buna hazır olmadığına işarə edib.
"Ermənistanın işğal olunmuş ərazilərin azad edilməsini tələb edən BMT TŞ qətnamələrinin icrasına məhəl qoymaması" ilə bağlı türkiyəli deputat Aydının sualına cavabda Paşinyan təkrarlayıb ki, məsələnin nizamlanması üçün dialoq lazımdır.
O, Bakını Qarabağ liderləri ilə görüşməyə çağırıb və qeyd edib ki, belə görüşlər vaxtilə olub.
Məsələn, 90-cı illərin ortalarında Heydər Əliyev Moskvada Qarabağın o zamankı lideri Robert Köçəryanla görüşüb. "Niyə indi görüş olmasın?", - o deyib.
İşğal edilmiş ərazilər məsələsinə toxunan baş nazir deyib ki, insanlar özlərinin, dədə-babalarının, əcdadlarının yaşadıqları əraziləri necə işğal edə bilər?