6 May 2019
Mətni dəyiş
Mayın 4-də saxlanan və həmin gün məhkəməsi təxirə salınan REAL Partiyasının üzvü Emin Babayev bu gün, mayın 6-da yenidən hakim önünə çıxarılıb.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.
E.Babayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb. Amma müdafiə tərəfi ittihamı qəbul etmir.
ReAl partiyasının icraçı katibi Natiq Cəfərlinin jurnalistlərə demişdi ki, Emin Babayevin saxlanılması sosial şəbəkələrdə fəaliyyəti və ReAl partiyasına mənsub olmağıyla bağlıdır. "Bölmədə onun barəsində “küçədə nalayiq ifadələrlə telefonla danışarkən polislərin qanuni tələblərinə tabe olmamasına” görə protokol tərtib ediblər, amma polislərin ona ünvanladığı sualların çoxusu sosial şəbəkələrdə fəaliyyəti və ReAl partiyası haqqında idi".
Xatırladaq ki, mayın 5-də Emin Babayevi 8-ci polis bölməsinə kağızları imzalamağa aparıblar, amma onun vəkili Şəhla Hümbətovanın məlumatına görə məhkəmə qərarı olmadan Emin Babayev hələ də polis bölməsində saxlanılıb və düz 24 saatdan sonra cərimələnərək sərbəst buraxılıb.