15 May 2019
Mətni dəyiş
Bayram Məmmədov oxuduğu Bakı Slavyan Universitetlərdən xaric edildi.
Məmmədovun sözlərinə görə, bu barədə onun valideyinlərinə Universitetdən zəng vuraraq xəbər verdilər.
Bayram Məmmədov 2016-cı ilin mayın 10-u digər fəal Qiyas İbrahimovla bir yerdə keçmiş prezident Heydər Əliyevin heykəlinin üstündə qraffiti çəkəndən sonra həbs olunanub. O vaxt fəal Bakı Slavyan Universitetin tərcümə fakultəsinin 4-cü kursda təhsil alırdı.
Məmmədovun sözlərinə görə, o, bu ilin martında azad olunandan sonra universitetə təhsilini davam etdirmək üçün gedib. "O vaxt mənə bildirdilər ki, 2016-cı ildə iki imtahanında iştirak etməmişəm və sentyabrda gəlib alt qrupda təhsilimi davam elətdirə bilərəm, hətta demişdilər ki, dərsdə oturmadan birbaşa gəlib imtahan verə bilərəm. Lakin bu gün evə zəng vurub deyiblər ki, xaric edilmişəm".
Məmmədov əlavə etdi ki, 2016-cı ildə həbs olunandan sonra universitetə imtahanları həbsxana şəraitində verməsilə bağlı müraciət etmişdi. "Onda indi artıq keçmiş rektor Asəf Hacıyev cavab göndərdi ki, bu mümkün deyil. Lakin azad olunandan sonra istənilən vaxt gəlib təhsilimi davam elətdirə bilərəm".
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, Bayram Məmmədov həbs olunanda dərhal universitetdən xaric olunub və bu əvvəlki rektorun dövründə idi. "Məmmədov keçən həftə təhsilini davam elətdirmək üçün universitetə müraciət edib. Onun sənədlərini qaldırılandan sonra məlum olub ki, o, 2016-cı ildə xaric olunub. Biz bu barədə onun ailəsinə bildirmişik".
Məmmədovun universitetdə bərpa olunmasına gəlincə, mətbuat katibi qeyd etdi ki, bununla bağlı nəsə deməyə çətinlik çəkir. "O, müraciət etməyib. Müraciət etsə də, konkret bir söz deyə bilmərəm".
Xatırladaq ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.
Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.
Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə, həbs olunduqları bildirilirdi.