Keşikçidağ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı
Son günlər bir hissəsi Azərbaycanın Ağstafa rayonu, digər hissəsi isə Gürcüstanın Saqareco rayonu ərazisində yerləşən “Keşikçidağ” məbədi ilə bağlı xoşagəlməz olaylar yaşanır. Gürcüstan tərəfdən Azərbaycana qarşı açıq açığına ərazi iddiası irəli sürülür və təəssüflər olsun ki, rəsmi Tiflisin bu məsələ ilə bağlı birmənalı mövqeyi müşahidə olunmur. Azərbaycan dünyanın yeganə dövlətidir ki, həmsərhədd olduğu ərazilər özünün tarixi torpaqlarıdır. Şimalda Dərbənd, Qərbdə Göyçə gölü və İrəvan, Cənubda Təbriz tarixən Azərbaycan dövlətinin ərazisi olub. Hazırda Gürcüstan sərhədləri daxilində olan ərazilərin də bir çoxu qədim Azərbaycan əraziləridir. Gürcüstan hökuməti yalnız keçmişi deyil, ən yaxın tarixi də unudub. 2008-c ilin avqust hadisələri zamanı Rusiya ordusu Tiflisin bir neçə kilometrliyinə gəlib çatanda və Gürcüstan dövləti süqut etmək ərəfəsində olanda Gürcüstana hava-su kimi lazım olan addımları yalnız Azərbaycan dövləti atdı. Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Azərbaycan bütün növ enerji daşıyıcılarını Gürcüstana su qiymətinə satmaqdan imtina etmədi. Ərzaq və digər vacib məhsulların Gürcüstana verilməsi də dayandırılmadı... Azərbaycan bütün enerji layihələrinə Gürcüstanı cəlb etmiş, qonşu dövlətə investisiyalar yatırmışdır.Bütün bunlardan sonra həm rəsmi Tiflisin, xalqının göstərdiyi mövqe dərin təəssüf doğurur.
Gürcüstandan bizə yönələn təxribatlara gərəkli cavab verilməlidir, diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir. Gürcüstan hökumətinə və ictimaiyyətinə izah edilməlidir ki, Azərbaycanın hətta qısa iqtisadi sanksiyaları kifayət edər ki, gürcü iqtisadiyyatı ağır vəziyyətə düşsün. Bütün dünyaya sərt şəkildə anladılmalıdır ki, Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək.