"Milli Şura Azərbaycanda insan hüquqlarının qorunması, xalqın öz iradəsini sərbəst ifadə etməsini təmin edən azad və ədalətli seçkilərin keçirilməsi, buna nail olmaq üçün seçki mühitinin yaradılması, xüsusilə sərbəst toplaşmaq azadlığının təmin edilməsi, müstəqil mediaya, vətəndaş cəmiyyətinə olan basqıların durdurulması uğrunda mübarizə aparır".
Bu sözlər Milli Şuranın Avropa Parlametinə və Avropa Birliyinə göndərdiyi müraciətdə yazılıb.
Sənəddən deyilir ki, Milli Şuranın əsas hədəfi Azərbaycanda demokratik sistem bərqərar etmək və ölkənin Avro-Atlantik məkana inteqrasiyasına nail olmaqdır.
"Hədəfinə çatmaq üçün Milli Şura Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn tanıdığı bütün sivil müstəvilərdə mübarizə aparır, seçki hüququ, sərbəst toplaşmaq və ifadə azadlıqları başda olmaqla bütün siyasi və iqtisadi hüquq və azadlıqların bərpası üçün bütün dinc yolları sınaqdan keçirir. Azərbaycandakı hazırki durumu nəzərə alaraq, Milli Şuranın daha effektiv və dinc etiraz yolu kimi istifadə etdiyi əsas vasitələrdən biri kütləvi mitinqlərdir. Milli Şura yarandığı gündən bu günə kimi onlarla mitinq təşkil edərək bir çox həssas məsələləri diqqət mərkəzinə gətirib".
Milli Şura bildirir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı uzun illərdir sərt məhdudlaşdırılıb.
"2005-ci ildən 2013-cü ilə qədər paytaxtda şəhərin mərkəzinə yaxın yerlərdə mitinq keçirilməsinə icazə verilməyib, yürüşlər isə faktiki olaraq qadağan edilib. Rayonlarda isə heç bir yerdə nə yürüş, nə də mitinq keçirməyə icazə verilməyib və bu qanunsuzluq hələ də davam edir. Uzun mübarizədən sonra hökümət 2013-cü il Prezident seçkiləri zamanı Bakının mərkəzinə yaxın yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsinə razılıq verib. Amma həmin vaxtda da Bakıda yürüşlər, rayonalarda isə hər ikisi-həm mitinqlər, həm də yürüşlər qadağan edilmiş olaraq qalıb".
Müraciətdə deyilir ki, 19 yanvar 2019-cu ildən etibarən hökümətin mitinqlərə münasibəti daha da sərtləşdi və mitinqlər onlar üçün yenidən çox ciddi potensial təhlükə mənbəyi kimi görünməyə başladı.
"Hökümətin mitinqlərə qarşı nisbi tolerantlığının sona çatmasına səbəb olan hadisələr belə başladı: 26 dekabr 2018-ci ildə o zaman həbsdə olan, yerli və beynəlxalq insan hüquqları təşkilatlarının, o cümlədən “Amnesty İnternational”ın vicdan məhbusu kimi tanıdığı video-blogger Mehman Hüseynova qarşı cəzasının bitməsinə 3 ay qalmış yeni cinayət işi açıldı. M.Hüseynov işi artıq 4-ci belə fakt idi. Milli Şura siyasi məhbuslara qarşı bu şəkildə yenidən açılan saxta cinayət işlərinə etiraz olaraq 19 yanvar 2019-cu ilə mitinq təyin etdi. Mitinqin əsas tələbi M.Hüseynov və bütün digər siyasi məhbuslara azadlıq idi".
Milli Şura bildirir ki, 19 yanvar mitinqindən sonra hökümətin mitinqlərə olan nisbi tolerantlığı da sona çatdı və növbəti mitinq üçün edilən müraciətə hökümət "yox" cavabı verdi.
"Mitinq üçün edilən müraciətlərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, son mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilən qanun pozuntuları, ictimai qayda əleyhinə olan əməllər, polisin qanuni tələblərinə tabesizlik şəhər sakinlərinin haqlı narazılıqlarına səbəb olmuş, bununla bağlı hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub".
Sənəddə deyilir ki, sərbəst toplaşmaq azadlığı Avropa Birliyinin təminat altına aldığı təməl, demokratik cəmiyyətdə ən önəmli olan azadlıqlardan biridir, çünki bu hüquq bir çox digər insan hüquqlarının, xüsusilə ifadə azadlığının təmin edilməsinin əsas vasitələrindən biridir.
"Azərbaycan imzaladığı beynəlxalq və regional insan hüquqları instrumentləri ilə dinc şəkildə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə nəinki mane olmamaq, hətta bu hüquqa olan qəsdlərin qarşısını almaq öhdəliyi götürüb. Təəssüf ki, Azərbaycan hakimiyyəti ilk növbədə özünün neqativ öhdəliyini icra etmir, digər tərəfdən mitinq və yürüşlərin rahat və dinc şəkildə keçirilməsini təmin etməli olduğu təqdirdə özü bu hüququn qarşısında maneəyə çevrilib".
Milli Şuranın sənədində deyilir ki, bütün qeyd edilənləri nəzərə alaraq qurum Azərbaycanla Avropa Birliyi arasındakı bağlanılması ehtimal edilən sazişlə bağlı aparılan danışıqlarda aşağıdakı məsələrin Azərbaycan höküməti qarşısında qaldırılmasının zəruri olduğunu Avropa Parlamentinin diqqətinə çatdırır:
– Avropa Birliyi ilə bağlanacaq sazişdə insan hüquqlarına xüsusi diqqət yetirilsin, sazişdə sərbəst toplaşmaq azadlığı da daxil fundamental insan hüquqları ilə bağlı ayrıca bölmə yer alsın, Azərbaycan hökümətindən bu hüquqların qorunması üçün təminat alınsın və bu təminat üçün nəzarət mexanizmi yaradılmasını öngörən müddəalar sazişə əlavə edilsin;
– İnsan hüquq və azadlıqlarının müdafiəsi və təminatı yönündə ciddi addımlar atılması, siyasi motivli bütün növ həbslərin durdurulması, həbsdə olan 100-ə yaxın siyasi məhbusun azad edilməsi ön şərt olaraq qəbul edilsin; dinc mitinq və yürüşlərin keçirilməsinin qarşısının alınmasında əsas siyasi vasitə olaraq istifadə edilən siyasi motivli inzibati həbslərdən istifadə təcrübəsi ortadan qaldırılsın, siyasi fəalların mitinqlər öncəsi müxtəlif bəhanələrlə kütləvi polis idarələrinə çağırılması, təhdid edilməsi və qərəzli məhkəmə qərarları ilə cərimələnməsi və ya inzibati həbslə cəzalandırılmasına son qoyulsun;
– Ölkənin bütün ərazisində sərbəst toplaşmaq azadlığı təmin edilsin, Azərbaycanın müvafiq qanunvericiliyi Avropa standartlarına uyğun hala gətirilsin, mitinqlərin keçirilməsi üçün qanunda nəzərdə tutulmayan “icra hakimiyyətindən icazə alınması” anlayışı ortadan qaldırılsın, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq dinc mitinq və yürüşlərin keçirilməsi üçün hakimiyyət orqanlarının xəbərdar edilməsi dinc aksiyaların qanuniliyi üçün yetərli olsun; bütün bu ediləcək dəyişikliklərin yalnız kağız üzərində deyil, həm də praktikada icra edilməsi üçün siyasi iradə nümayiş etdirilsin;
– Avropa Konvensiyasında nəzərdə tutulan məhdudiyyətlərin tətbiqinə zərurət yaradacaq hallar istisna olmaqla, icra orqanlarının xəbərdar edilib-edilməməsindən asılı olmayaraq, dinc xarakterli bütün növ ictimai mitinqlər, yürüşlər və flaşmoblara hüquq mühafizə orqanlarının müdaxiləsinin qarşısını alan müddəalar qanunvericiliyə əlavə edilsin, hökümət yalnız müdaxilədən çəkinməklə kifayətlənməyib öz pozitiv öhdəliklərini icra edərək, mitinqlərin dinc məcrada davam etməsi və yürüşlərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün addımları atsın;
– Mitinq iştirakçılarına yaş məhdudiyyətinin tətbiq edilməsi ortadan qaldırılsın, 18 yaşına çatmayan şəxslərin mitinq və yürüşlərdə tam iştirak hüququnun olduğunu və bu hüququn həm BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Haqqında Konvensiya, həm də Avropa Konvensiyası ilə təminat altına alındığını nəzərə alaraq, 18 yaşı tamam olmamış şəxslərin mitinq meydanlarına daxil olmasının qarşısının alınması təcrübəsinə son qoyulsun.
– Kütləviliyin qarşısının alınması üçün mitinqlərin bazar günü keçirilməsinə gətirilən faktiki qadağa ortadan qaldırılsın, mitinqi keçirən təşkilatların zaman seçimində sərbəstliyi tanınsın.
Demokratik Qüvvələrin Milli Şurası (bundan sonra Milli Şura) 2013-cü ildə müxalif siyasi partiyalar, müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən prezident seçkiləri öncəsi yaradılan siyasi təşkilatdır.
Təşkilat 2013-cü il prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarı verərək, tarixçi alim, prof. Cəmil Həsənlininin namizədliyini irəli sürüb. Seçkilərdə Milli Şuranın vahid namizədi olan C.Həsənli seçkidə iştirak edən vətəndaşların əksəriyyətinin səsini almasına baxmayaraq, seçkinin nəticələri hazırki prezidentin lehinə saxtalaşdırılıb.
ATƏT/DTHİB-in 2013-cü il Prezident seçkiləri ilə bağlı yaydığı son hesabatında ölkədə seçki öncəsi mühitin olmadığı, sərbəst toplaşmaq və ifadə azadlığının böyük ölçüdə məhdudlaşdırıldığı, vətəndaş cəmiyyətinin təzyiq altında saxlandığı, müstəqil medianın sıxışdırıldığı, seçki günü isə seçki məntəqələrinin 58%-də səslərin saxtalaşdırıldığı qeyd edilib.
Milli Şura seçkidən sonra da fəaliyyətini davam etdirib. Hal-hazırda qurumun əsasını müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası, digər müxalif partiyalardan fərdi qoşulmuş siyasilər, müstəqil ziyalılar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri təşkil edir.