27 May 2019
Mətni dəyiş
Respublikaçı Alternativ (REAL) Partiyası mayın 28-də Cümhuriyyəti anma marafonu elan edib. Bu barədə REAL Partiyası İdarə Heyəti qərar qəbul edib.
Qərarda deyilir ki, 28 May 12 saatlıq Cümhuriyyəti anma marafonu kimi qeyd edilsin.
"İstiqlaliyyət küçəsindəki Cümhuriyyət abidəsi önünə gül-çiçək qoyma üzvlər tərəfindən kütlə şəklində deyil, fərdi qaydada, eyni anda deyil, gün ərzində - səhər saat 8:00-dan axşam saat 20:00-dək həyata keçirilsin. Partiya üzvlərinə bayram anımı zamanı polisin qanuni tələblərinə riayət etmələri tapşırılsın", - sənəddə qeyd edilir.
Partiya bildirir ki, Cümhuriyyət tarixini və dəyərlərini daim aşağı tutan hazırki Azərbaycan hakimiyyəti bu il mayın 29-da Bakıda Avropa Futbol Federasiyaları İttifaqının 90 dəqiqəlik yarışmasının keçirilməsini bəhanə gətirərək Bakının mərkəzinə, o cümlədən İstiqlaliyyət küçəsinə vətəndaşların girişini və çıxışını qeyri-rəsmi olaraq bir həftəlik məhdudlaşdırıb.
"Bu, ona görə bəhanədir ki, yarışın keçiriləcəyi stadion sözügedən küçədən 11 kilometr uzaqdadır və Cümhuriyyət bayramını vətəndaşlar yarışma günü deyil, ondan əvvəlki gün qeyd edirlər".
REAL Partiyası bildirir ki, qeyri-rəsmi məhdudiyyət problemini siyasi dialoq ruhunda çözməyə cəhd göstərib.
"Polisin iş yükünün ağırlığı nəzərə alınaraq, REAL İdarə Heyəti futbol yarışması ilə əlaqədar ənənəvi illik bayram anımı tədbirinin başqa günə keçirilməsini, polis orqanları ilə söhbət əsnasında, mayın 22-də özünün əvvəlki qərarını dəyişərək məqbul saydı. Lakin polis orqanları mayın 24-də əlavə şərtlər irəli sürməklə anlaşmanı pozdu. REAL-a bəyan olundu ki, kütləvi bayram anımına imkan verilməyəcək".
REAL İdarə Heyəti hesab edir ki, xarici vətəndaşların əylənmək haqqı Cümhuriyyət abidəsinin mayın 28-də Azərbaycan vətəndaşları tərəfindən ziyarət edilməsi haqqından üstün olmamalıdır.