Bu gün, mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı tədbirdə nitq söyləyib. Sonra o, sərgi ilə tanış olub.
Birinci sərgi isə 1994-cü ildə keçirilib. Elə bundan bir az sonra, həmin ilin sentyabrında "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi ilə bağlı Azərbaycan beynəlxalq şirkətlərlə saziş imzlamışdı. Həmin saziş "Əsrin müqaviləsi" adını da almışdı.
O vaxtdan etibarən "Xəzər Neft və Qaz" sərgisi bu sahələr üzrə aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib.
34 ölkədən 301 şirkət
Energetika naziri Pərviz Şahbazov bildirib ki, sərgidə 34 ölkədən 301 şirkət iştirak edir. Bu şirkətlər bütün sahələri və regionları təmsil edir.
"Bu, Xəzər hövzəsində keçirilən ən böyük neft-qaz sərgisidir. Artıq 26 ildir keçirilir. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Eyni zamanda, sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir", - nazir qeyd edib.
Bakı Ekspo Mərkəzində IX Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (Caspian Power 2019) sərgisi də açılıb.
Neft-qaz sərgisinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. O bildirib ki, Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur...
Donald Trampın məktubu
ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon prezident Donald Trampın sərgiyə təbrik məktubunu təqdim edib.
Məktubda yazılıb ki, Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur - A.R) layihəsi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.
Məktubda habelə yazılıb: "Mən Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram".
Prezident İ.Əliyev sərgi ilə tanış olarkən ABŞ-ın "Halliburton" şirkətinin pavilyonuna da baş çəkib.