AŞPA-nın yay sessiyası çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş iki azərbaycanlı mülki şəxslə bağlı "İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə keçirilib. Tədbirin yekunu olaraq bir qrup AŞPA üzvü bəyanat imzalayıb qurumun rəhbər strukturlarına göndəriblər.
Məlumata görə, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib.
Tədbirin yekununda iştirakçı parlamentarilər iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar.
Tədbirlə bağlı yayılan açıqlamada deyilir ki, bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində dərc edilib.
Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.
Sənəddə deyilir ki, 2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq.
"Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq".
Bəyanatı imzalayanlar bildirib ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib.
"Cari il iyunun 25-də AŞPA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir.
Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞPA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq".
Bəyanatı dəstəkləyənlər bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirlər.
Sənədin müəllifi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. Bəyanatı 21 AŞPA üzvü imzalayıb.
Sənədi dəstəkləyən deputatlar əsasən Azərbaycan və Türkiyədən nümayəndə heyətinin üzvləri olub. Həmçinin, İtaliya, Serbiya və San-Marinodan hərəsindən bir parlamentari əyanata imza atıb.