6 İyun 2019
Mətni dəyiş
«Müsəlman Birliyi» Hərəkatı İdarə Heyətinin üzvü Ə.Bünyadov hərəkət qabiliyyətini tam itirib. 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat onun həyətində keçirilib. Əməliyyat zamanı onurğasından iki güllə yarası alan Ə.Bünyadov o vaxtdan yataq xəstəsidir, yalnız başını və əllərini tərpədə bilir.
İlahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunan Ə.Bünyadova 15 il cəza kəsilib və o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.
Həyat yoldaşı Azadlıq Radiosuna deyir ki, Ə.Bünyadov son vaxtlar yeyib-içməkdən də kəsilib, bağırsaqlarına infeksiya düşdüyünə görə qida qəbul edə bilmir: «Əbülfəzin durumu məlumdur, bu üzdən onun səhhətində illərdir problem var. Hərəkət qabiliyyətini itirməsi, uzanıqlı vəziyyətdə qalmağın yaratdığı yaralar, qaraciyərində Hepatit C... İndi üstəgəl bağırsaq infeksiyası. Ondan analiz götürüldü, aparıb kənarda yoxlatdırdıq, məlum oldu ki, güclü infeksiya düşüb, bir də göbələk var. Bağırsaqlar da daha işləmir. Heç dərman da qəbul edə bilmir. Çox pis vəziyyətdədir».
Ə.Bünyadova Müalicə Müəssisəsində olan başqa məhbuslar qulluq edir. Həyat yoldaşı Penitensiar Xidmətdən narazı olmadıqlarını desə də, onun saxlandığı şəraiti qənaətbəxş saymır. Deyir ki, kiçik otaqda beş nəfər saxlanılır, üstəlik, təmizlik problemi var.
«Müsəlman Birliyi» Hərəkatının sədr müavini, Nardaran hadisələri ərəfəsində həbs olunan və bu il martın 17-də əfv fərmanıyla azadlığa buraxılan Elçin Qasımov deyir ki, bu vəziyyətdə insanı həbsdə saxlamaq onu məqsədli şəkildə öldürməkdir: «Əbülfəz Bünyadov dərhal azad olunmalı, ciddi həkim nəzarətinə götürülməlidir. Əks halda, onun başına gələcəklərə görə məsuliyyəti onu qanunsuz olaraq həbsdə saxlayanlar daşıyacaq».
Məsələyə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.