Ermənistan Kommunist Partiyası Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək Qarabağ nizamlanması üzrə danışıqlara "fəal" müdaxilə etməyə çağırıb.
"Ermənistan Kommunist Partiyası bizim respublika və Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar sizə müraciət edir.
Bəzi beynəlxalq vasitəçilər tərəflər arasında konsensusun olmadığı bir şəraitdə son il ərzində Qarabağ nizamlanması üzrə danışıqları aktivləşdirməyə çalışırlar. Bu, Azərbaycanın şişirdilmiş gözləntilərinə, Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb.
Sizə, müttəfiq ölkənin prezidentinə müraciət edərək həm ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə şəxsən müdaxilə etməyi, həm də Azərbaycan rəhbərliyinə birbaşa təsir imkanlarınızdan istifadə etməyi xahiş edirik. Yalnız sizin şəxsi müdaxiləniz ilə Qarabağ münaqişə zonasında hər iki tərəf üçün ağır nəticələrə səbəb olan eskalasiyanı dayandırmaq olar.
Həmçinin Qarabağ münaqişə zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinin mümkünlüyü məsələsinə baxılmasını aktual hesab edirik ki, bu da erməni xalqının köklü maraqlarına uyğun olacaq.
Ermənistan Kommunist Partiyası əməldə ancaq öz məqsədlərini güdən, təhlükəli regionun bütün xalqlarının maraqlarına zidd olan digər geosiyasi oyunçuların regionda güclənməsini arzuedilməz proses kimi qiymətləndirir.
Ümid edirik ki, sizin vəziyyətə birbaşa fəal müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər", - News.am saytı müraciətdən sitatlar gətirir.